Azərbaycandan Mali və İsrailə məhdudiyyətlər tətbiq edilib

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən Malinin Kulikoro ərazisində yüksək patogen quş qripi xəstəliyi, İsrailin Təl-Əviv, İudeya və Samariya, Hayfa və Qüds dairələrində Nyukasl xəstəliyi qeydə alınıb. 

Bu barədə Xeber-ps.com-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Malinin Kulikoro ərazisindən, o cümlədən İsrailin Təl-Əviv, İudeya və Samariya, Hayfa və Qüds dairələrindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Mali Respublikasından və İsrail Dövlətindən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

0.3807520866394