DSX əməkdaşları şəhid olmuş hərbi qulluqçuların övladlarını ziyarət ediblər - FOTO

Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbirlər keçirilib.

Bu barədə Xeber-ps.com-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Sərhəd mühafizə qurumlarının hərbi qulluqçularının və mülki işçilərinin ailə üzvlərinin qatıldığı tədbirlər Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb, iştirakçılar bayram münasibətilə təbrik edilib.

Tədbir iştirakçıları zəngin milli-mənəvi dəyərlərə malik xalqımızın uşaqlara hər zaman qayğı və məhəbbətlə yanaşdığı, uşaqların əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılmasının, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasının dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən olması qeyd edilib, cəmiyyətimizin gələcəyi olan uşaqların yüksək mənəvi-əxlaqi xüsusiyyətləri, intellektual qabiliyyətləri ilə həm həyatda layiqli yer tutacaqlarına, həm də ölkəmizin inkişafına töhfələrini verəcəklərinə əminlik ifadə ediblər.

Eyni zamanda tədbir çərçivəsində ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda Vətən müharibəsində şəhid olmuş Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının övladları ziyarət edilib, onlara hədiyyələr təqdim edilib.

Bayram şənliklərində uşaqların ifa etdiyi şeir və mahnı nümunələri, rəqs nömrələri iştirakçılar tərəfindən maraqla qarşılanıb, cizgi film personajlarının, nağıl qəhrəmanlarının çıxışları uşaqların bayram ovqatını artırılıb.

0.3999011516571