Şeyx “miqalkanı” neynir görəsən?

“Ey iman gətirənlər, mal-dövlətiniz və övladlarınız sizi Allah zikrindən yayındırmasın! Və kim belə etsə (Allahı unutsa), belələri (əsl) ziyankardır”. (Munafiqun surəsi, ayə 9). 

Allahım, mən yazıq bəndə ömür boyu ictimai nəqliyyatdan, uzağı taksidən istifadə etmişəm. Yolda, küçədə olanda da elə dua etmişəm. Allahım verdiklərini bizdən alma. Nə vermisənsə, min şükür. Çəkə bilmədiyimiz dərdi bizə vermə. Var-dövlət, şan-şöhrət də sınaqdır. Onun cavabını mütləq verirlər, həm bu, həm də o dünyada. Ən azı bunu dinimiz deyir.

İslam dini dünya malından uzaq olmağı, təkəbbürlü olmamağı təbliğ edir. Zənn edirəm ki, Şeyx də məclislərdə bunu təbliğ edər. Çünki bir din xadimi olaraq bu təbliğat onun vəzifə və mənəvi borcudur. Deyərdim ki, hətta həyat tərzi olmalıdır. Çünki şeyx hamımız üçün nümunədir. Lakin burada bir əmma çıxır. Məclisə, bayrama-namaza gələn şeyxin avtomobilini görənlərin yadından din də, iman da çıxır. Şeyx dünyada ədədlə sayılan, lüks avtomobillə hərəkət edir - “Mersedes-Benz Maybach 57 S”. Komplektasiyasından asılı olaraq qiyməti 417.000 dollardan başlayır.

Avtomobil 550 at gücünə malik iki turbolu 5,5 litrlik V12 mühərriklə təchiz edilib. Beş pilləli sürət qutusu “Mercedes-Benz S-class”dan götürülüb. Avtomobilin cəlbediciliyi də göz qamaşdırır. Bir sözlə, maşın deyil, sanki huri-mələkdir. “99-AA-003” dövlət nömrə nişanı daşıyan avtomobil deyilənə görə, zirehlidir. Görəsən zirehli avtomobil şeyxin nəyinə lazımdır? Kim ona qarşı sui-qəsd edə bilər? Yoxsa başqa səbəblər var? Bundan əlavə, şeyxin lüks avtomobili xüsusi işıq və səs qurğuları ilə təchiz olunub. Xalq dilində desək “miqalka” ilə.

Şeyx “miqalkanı” neynir görəsən? Yanğın söndürmür, təcili tibbi yardım göstərmir. Bildiyim qədəri ilə cinayətkarları da həbs etmir axı. Mən elə düşünürəm ki, şeyx dua edir, namaz qılır, bütün Qafqazın şeyxi olaraq dini qurumlarla iş görür. Kasıb, ehtiyacı olanlara yardım edir. Xalqın sidq ürəklə verdiyi nəzir pullarını “tələb olunan” yerə çatdırır. Hər halda mənim təfəkkürümdə belədir.

Əlavə olaraq bilirəm ki, şeyxin rəhbərlik etdiyi qurum Azərbaycandan Həcc ziyarətini də həyata keçirir. Amma niyə görəsə ən bahalı Həcc ziyarəti də elə məhz Azərbaycandadır. Ümumiyyətlə ən bahalı hüzn məclisi də, ən bahalı dəfn mərasimi də elə bizdədir.

Yəqin bütün bunların məntiqi sonluğu da odur ki, bütün Qafqazın şeyxi elə Qafqazın qiyməti boyda lüks avtomobildə gəzir. Arada kefi düşəndə “miqalkaları” yandırır, ildırım sürəti ilə Bakının geniş prospektlərində şütüyür. Nə isə, bəlkə də şeyxin “Maybach 57 S”də etdiyi dualar daha müstəcab olur. Biz kasıb, qara camaat nə bilək? Bizimki elə ictimai nəqliyyatdır, uzağı başımıza Bakı Nəqliyyat Agentliyindən çımxıran olmasa, taksidir. Biz nə bilək “Maybach 57 S”də, az qala yarım milyon dollarlıq avtomobildə dua etmək necə olur..

0.41800093650818