Nəşriyyat yazılır, “obyekt” və “arenda” oxunur

Kubra Məhərrəmova yazır...

Azərbaycan nəşriyyatı deyilən binanın qarşısından hər birimiz ən azı bir dəfə keçmişik. Mətbuat prospektində yerləşən bu böyüklükdə binanın nəyə və kimə xidmət etdiyini hələ də bilmirik. Bakı isə elə balaca şəhərdir ki, hansı “obyektin” kimə məxsus olduğunu “parkovşikdən” tutmuş sahə müvəkkilinə qədər hamı bilir. Amma bura “Sirli qaladır”, sahibi də yəqin Simnar Xan olar. 

Əvvəla ondan başlayaq ki, nəşriyyatda çapdan başqa hər cür iş görülür.  

Üzr istəyirəm, əslində çap prosesi gedir, amma pul çapı. Özü də gözdən-könüldən uzaq, vergidən xəlvət. 

Binanın həyətində mebel sexlərindən tutmuş, xalça yuma, çayxana, hətta “vulkanizasiyaya” qədər fəaliyyət göstərən irili-xırdalı müəssisələr var. Açığı bu yeri nəşriyyatdan daha çox “Jeep”in servis mərkəzi kimi tanıyırlar. İndi deyəcəksiniz ki, nəşriyyat hara, xalçayuma hara, “vulkanizasiya” hara? 

Çox sadə. İcarəyə uyğun olan bütün mümkün otaqlar, anbarlar nəşriyyatın müdirinə aybaay gəlir gətirir. Hətta daha böyük otaqlar müxtəlif klip, film, reklam, veriliş çəkilişləri üçün pavilyon kimi icarəyə verilir. Görünür nəşriyyatın müdiri Azərbaycan incəsənətinə bu cür töhfə vermək arzusundadır. Bəlkə də sənət vurğunudur. Haqqına girməyək. 

İkinci maraqlı məqam isə həmin “Sirli qala”da gizlənən xeyli sayda müəssisələrdir. Nəşriyyatın həyətində, binasında fəaliyyət göstərən bu şirkətlər görəsən vergi ödəyir? Vergilər Nazirliyinin burada baş verənlərdən xəbəri varmı? Bu şirkətlər “Simnar xana” hər ay nə qədər icarə haqqı ödəyir? Məncə araşdırılmalı olan xeyli maraqlı məqamlar var. Çünki biz aldığımız maaşın qəpiyinə qədər vergisini ödəyirik. Haqqımız da çatır ki, tələb edək, başqaları da eyni qaydada ödəsinlər.

İndi keçək digər məsələyə. Kimdir bu qalanın sahibi “Simnar xan”? 

Nəşriyyatın sahibi, sabiq deputat Ağabəy Əsgərovdur. Xan həzrətləri düşünür ki, yəqin “91-lər”dən olduğu üçün onun xüsusi toxunulmazlıq haqqı var. Çünki dövlətin binasını ata malı kimi işlətmək hər adamın işi deyil. Açığı hər adam risk də eləməz. Amma Əli Həsənovun dostu-qardaşı edə bilər. Həsənov vəzifəsindən uzaqlaşdırılsa da, onun sadiq silahdaşları iş başındadır və fəaliyyətlərini davam etdirirlər. Pul dayanmadan çap olunur.

Nəşriyyatın binasına isə üfunət iyindən daxil olmaq mümkün deyil. İllər uzunu icarə haqları yığan xan həzrətləri nə təmirə, nə də digər işlərə xəzinəsindən pul ayırmır. Hələ binanın gizli guşələrində reket jurnalistlər üçün sığınacaq da hazırlayıb. İndi bu məqalədən sonra onlara “fas” komandası verəcək, onlar da töküləşəcək üstümüzə.

Onlar xan həzrətlərinin necə saf, dürüst biri olmasından, dövlət və cəmiyyət üçün etdiyi xeyir əməllərdən dəm vuracaqlar.

Azərbaycan nəşriyyatına 2018-ci ildə dövlət sifarişini yerinə yetirməsi üçün 1 504 160 manat vəsait ayrılıb, amma xan həzrətləri onu da nuş edib. Çünki ortada “vulkanizasiyadan” başqa bir şey yoxdur. 

Madam ki, Nəşriyyatın binası öz ilkin məqsədi üzrə istifadə olunmur, sökülsün. Barı standartlara uyğun ticarət mərkəzi tikilsin. İçində də elə çayxana, kafe, dükan-bazar açılsın. Ən azı dəhlizlərdə siçovullar olmaz, üfunət iyi də gəlməz. Biz də bilərik ki, çap işinin fatihəsi çoxdan verilib.

0.40664219856262