Zaqatalada meşəlik ərazidə başlamış yanğın söndürülüb - YENİLƏNİB+VİDEO

Zaqatala rayonu, Car kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, yanğın zamanı bir hektar sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) tərəfindən söndürülüb.

Yaxınlıqdakı ərazilər yanğından mühafizə olunub.

21:40

Zaqatalada yüksək dağlıq ərazidə yanğın başlayıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, yanğın bu gün axşam saat 19:00 radələrindən başlayaraq Böyük Qafqaz sıra dağlarının cənub ətəyində, Zaqatala rayonunun Car kəndi yaxınlığında yüksək dağlıq ərazidə qeydə alınıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını, 20 nəfərə yaxın şəxsi heyəti cəlb edilib.

İlkin məlumata görə, yanğın iki hektara yaxın ərazini əhatə edir.

Ərazidə quru ot, kol-kos, xəzəl və qurumuş ağac budaqları yanır.

Hazırda yanğının söndürülməsi istiqamətində iş gedir.

0.37057995796204