Lənkəran və Qəbələdə yaşayış yerini tərk edən koronavirus xəstələri aşkar edildi - FOTO/VİDEO

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcıları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran rayon sakinləri İ.Həsənov və D.Ağazadəyə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdikləri müəyyən edilib və onlar izahedici söhbətlər aparıldıqdan sonra tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara qaytarılıblar.

Onların barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.

Nazirliyin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon sakini Rəvan Qurbanovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib və sanitar-karantin qaydaları izah olunub.

Buna baxmayaraq həmin şəxs qanunsuz olaraq yaşadığı ünvanı tərk edib və infeksiyanın yayılmasına şərait yaradıb. Polis əməkdaşları tərəfindən ictimai yerdə aşkarlanan R.Qurbanov evinə geri qaytarılıb.

Onun barəsində Qəbələ Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

0.4430718421936