MDB Oyunlarında iştirak edəcək cüdoçumuz Tokiodakı uğursuzluqdan DANIŞDI

“Tokio Olimpiadasından sonra bu yarışda iştirak etmək ağır olmayacaq. Topuğumda və belimdə əzilmələr vardı. MDB Oyunları da gözəl, maraqlı yarışdır. Məşqçilərlə qərara gəldik ki, burada da iştirak edim”.

Bunu Xeber-ps.com-a açıqlamasında azərbaycanlı cüdoçu Murad Fətiyev bildirib.

Sabah Kazanda keçirilən MDB Oyunlarında cüdo yarışları start götürəcək. Bu yarışda iştirak edənlər arasında Tokio Olimpiadasında iştirak edən cüdoçumuz da olacaq. 22 yaşlı Murad Fətiyev ardıcıl iki mötəbər turnirdə iştirak edəcək yeganə idmançımızdır.

Ondan Tokio Olimpiadasında cüdoçuların zəif çıxışına münasibət öyrəndik:

“Hamımız yarışa hazır idik. Çünki uşaqların hamısı dünya və Avropa çempionatlarında, Qran Pri, “Böyük Dəbilqə” yarışlarında yer tutmuşdu. Yaxşı məşq keçmişdik, tam formada idik. Doğrudan da Olimpiadada belə nəticə gözləmirdik. Ən azı yeddi nəfərdən dörd medal olacağını təxmin edirdik. Amma nəsə alınmadı.

Qruplarda da bəxtimiz gətirmədi. İstəmədiyimiz rəqiblərlə üzləşdik. Bizdə Məhəmmədəli Mehdiyev hamıya qalib gəlirdi. Yalnız rusiyalı Mixail İqolnikovla bacarmırdı. O da 1/8 finalda rusiyalıya uduzdu. Rüstəm Orucov 1/4 finalda həmişə uduzduğu Şohei Ono ilə qarşılaşmalı oldu.

Mən özüm də yarışa hazır idim. Amma Olimpiadadan əvvəl ayağım şişmişdi. Yüngül məşqlər edirdim ki, formadan düşməyim. Olimpiadaya son iki həftə qalmış normal məşq keçməyə başladım. Onda da ayağımından xəsarət aldım, lap pis oldu. Amma ümumilikdə yarışa hazır idim. 1/8 finalda Səid Mollaiyə qalib gələ bilərdim. Amma “Golden Score”da o məni qabaqlayıb, xal aldı. Heç kim belə olmasını istəmirdi. Çünki Olimpiadaya ən çox lisenziya qazanan idmançılar cüdoda idi. Ona görə də bizdən çox medal gözlənilirdi, amma qismət olmadı”.

Səbuhi Musayev

0.42178297042847