Azərbaycan kikboksçularının dünya çempionatında rəsmiləşən medallarının sayı səkkizə çatdı - FOTO

İtaliyanın Yezolo şəhərində keçirilən kikboksinq üzrə dünya çempionatında Azərbaycan idmançıları daha 6 medal qazanıb.

Xeber-ps.com-ın xəbərinə görə, Camal Məmmədov (full kontakt, -54 kq), Qəşəm Məmmədov (lou kik, -67 kq) və Rəhim Əliyev (lou kik, -71 kq) finalda uduzaraq gümüş medalla kifayətlənməli olub.

Məhəmməd İmanov (kik layt, -57 kq), Ayxan Məmmədzadə (lou kik, -51 kq) və Elcan Alikişiyev (lou kik, -81 kq) isə bürünc medal qazanıb.

Bununla da Azərbaycan idmançılarının rəsmiləşən medallarının sayı 8-ə çatıb. Belə ki, daha əvvəl veteranlarda Eduard Məmmədovun (kik layt, -63 kq) ikinci dəfə dünya çempionu olduğunu, həmçinin onun tələbəsi Anar Məmmədovun (lou kik, -57 kq) qızıl medal qazandığını xəbər vermişdik.

Qeyd edək ki, bu gün Azərbaycanın daha bir idmançısının dünya çempionu olmaq şansı var. Bu, Azərbaycan Kikboksinq Federasiyasının I vitse-prezidenti, dünya və Avropa çempionu Ramal Aslanovdur. O, bu gün lou kik versiyasında 75 kq çəki dərəcəsinin finalında mübarizə aparacaq.

Səbuhi Musayev