Öz əməlinə görə məsuliyyət daşımağa beyin olmalı. O da ki, çoxunda yox.

Kubra Məhərrəmova yazır...

Bizim məktəb illərimiz 90-cı illərə təsadüf edib. 90-cı ildə birinci sinifə təzəcə getmişdik ki, 20 yanvar hadisəsi baş verdi. Evimizin eyvanına rus tankının lüləsi çatırdı. İkinci sinifdə oxuyanda Şuşa, Laçın, Xocavənd getdi. Üçüncüyə çatanda Ağdam, Füzuli, Qubadlı və başqa ərazilər ermənilər tərəfindən işğal olundu. Ölkə səfalət içində, ac-yalavac, ət-yağ talonla, onu da tapsan. Atam-anam günlərlə çörək növbəsində durardı ki, evə iki ədəd çörək gətirsin. Qaz-işıq yox. Heç şam da tapılmırdı. Nöyüt lampasında oturardıq işıqlar keçəndə. Atam rəhmətlik bizim başımız qatışsın deyə oxuduğu romanlardan, nağıllardan danışardı. Bizim üçün ən gözəl anlar məhz o idi. Dərs oxumurduq, ataya qulaq asırdıq. Əyin-baş deyirsən, o da yox. Çünki dükanlarda heç nə yox idi. Kimsə hardansa nəsə tapsaydı on qat bahasına satırdı. Amma bütün bu çətinliyin içində ata-anamız bizi uşaq evinəmi deyim, qonşunun qapısınamı deyim, heç yerə atmadı. Açığı heç yan-yörəmizdə də elə hadisə eşitmədik ki, imkansızlığa görə kimsə uşağını harasa atsın.

O günlərdə yenə eşitdim ki, kimsə uşağını qonşuya atıb gedib. Hamı da bir ağızdan valideynə haqq qazandırır ki, bəs neyləsin, imkansızlıqdan edib. Bu gün yenə də Bakıda yeni doğulmuş qız uşağı binalardan birinin girişinə atılıb. Xeber-ps.com-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın mərkəzində - Nəsimi rayonu, Alı Mustafayev küçəsindəki binada qeydə alınıb. Bakıdakı körpələr evinə təhvil verilib balaca. Yenə də hamı deyir ki, bəs kasıblıqdan belə edirlər. Biz sement dadı verən, içi su olan çörəyi tapmırdıq. Amma heç kim balasını qonşunun qapısına atmırdı.

Qonşunun evində iki saatlıq qoyulan və daha sonra valideynləri yoxa çıxan uşaq yəqin ki, yadınızdadır. Hadisə mediada böyük əks-sədaya səbəb olmuşdur. Yenə də cəmiyyətdə adamlar tapıldı ki, uşağın valideynlərini müdafiə etdilər. Neyləsin kasıbdı, baxa bilmir. Ona görə də imtina edib. Bizim cəmiyyətin əksəriyyəti, ya da çox hissəsi hələ də uşağa əşya kimi baxır. Xoşum gəlir saxlayıram, gəlmir atıram. Bəzən də daha absurd hadisələrlə üzləşir adam. Kasıblıqdan, aclıqdan, səfalətdən şikayət edənlərin əlində iki minlik telefon görürsən. Ya da kreditə götürülmüş maşın. Lap ucuz maşın olsun, amma buna görə borca girənlər var. Amma doğma övladını saxlamağa çox zaman niyəsə bu adamlarda pul olmur. Bir daha anlayırsan ki, məsələ pulda-parada deyil. Məsələ adamların şərəfsiz olmasından gedir. Məsələ bu kəslərin tüfeyli olmasından gedir. Amma dindirsən hamısı namus-qeyrətdən danışacaq. Qonşu qızının qısa şortuna lağ edəcək. Məhəllə yoldaşının saqqalına lağ edəcək. Bütün dünya günahkar olacaq, yalnız “kasıbam, baxa bilmirəm” deyən adamlar haqlı olacaq.

Bugünki hadisə də, yeni doğulan körpənin qapı ağzına atılması eyni xislətdən xəbər verir. Hadisənin hansı səbəbdən yaranması şəxsən mənim üçün maraqlı deyil. Qeyri-qanuni doğulan körpədir, ya da nikahda doğulan. Nəticə odur ki, bu körpədən imtina olunub. Özü də bu əsrdə. Əgər soruşsan ki, madam ki, bu körpə sənə lazım deyildi, niyə tibbi yolla imtina etmədin? Deyəcək ki, günahdır. Amma körpəni qapıya atmaq günah deyilmiş.

Əslində bizim cəmiyyətdə günah anlayışı çox fantastikdir. Evdə it saxlamaq günahdır, amma körpəni küçəyə atmaq yox. Donuz əti yemək günahdır, amma kiminsə haqqını yemək yox. Alkoqol içmək günahdır, amma heç kim görməyəndə yox. Yenə qayıdıram hər körpədən imtina olunması üçün deyilən kasıblığa. Xeyli aztəminatlı ailələr var ki, uşaqlarını min-bir əziyyətlə böyüdür. Bacardığı təhsili verir. Övladlar da daha yaxşı yaşamaq üçün mücadilə edir. Sovetin yalançı təbliğatını hələ də əlində bayraq edənlər anlamır ki, dünya dəyişib. Heç kimin heç kimə borcu yoxdur. Heç kim heç kimi belində aparmalı deyil. Əgər ki, bu adamların hansısa fiziki və ya əqli qüsuru yoxdursa.

İkiminlik telefonu kreditə götürənin canı çıxsın getsin gecə-gündüz işləsin özünə güzəran qursun. Yoxsa ki, doğmuşam, indi də baxmağa həvəsim, pulum yoxdur deyə lazımsız əşya kimi körpələri küçəyə atmaq olmaz. Bu ən sonuncu yoldur. Ən biabırçı addımdır. Heç kim də unutmasın ki, etdiyini bu həyatda çəkməyincə heç yerə getməyəcək. Bu körpələrin ahı tutacaq yaxalarını. Həmin o atılmış körpələr, körpələr evində, uşaq evində böyüyəcək, kimsəsizlik sindromuna da qalib gələcək. Bəlkə də övladlığa götürüləcək. Ayaqüstə də duracaq, yeni həyata da başlayacaq.

Öz əməlinə görə məsuliyyət daşımağa beyin olmalı. O da ki, çoxunda yox.

0.377032995224