Bakıda Beynəlxalq Sosial Sahibkarlıq Forumu keçirildi - FOTO

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı, Avropa Komissiyasının Erasmus+ proqramı tərəfindən maliyyələşdirilən və sosial sahibkarlığın inkişafına yönəlmiş “Start it Up, Keep it Up” layihəsi çərçivəsində 16 - 19 noyabr tarixlərində “Beynəlxalq Sosial Sahibkarlıq Forum”u baş tutdu.   

Forumun həyata keçirilməsində əsas məqsəd sosial sahibkarlıq mərkəzləri yaratmaq, sosial sahibkarlıq üzrə mentorlar hazırlamaq, gələcək sosial sahibkarların fəaliyyətini dəstəkləmək və təlimlərdə iştirakını təmin etməkdən ibarət olmuşdur.

Layihə çərçivəsində 6 ölkədən olan 50 əcnəbi, sosial sahibkar və bu sahə üzrə zəngin təcrübəyə malik spikerlərlə birlikdə hökumət orqanları və inkubasiya mərkəzləri arasında gündəlik olaraq panel müzakirələri, müxtəlif vörkşoplar, həmçinin iştirakçı ölkələrin mədəniyyət gecələri keçirilmişdir. 

Panel müzakirələri zamanı Azərbaycanda sosial sahibkarlığın inkişafı, bu istiqamətdə mövcud vəziyyət və qazanılan uğurlar xüsusilə vurğulanaraq, qeyd edilib ki, sosial sahibkarlıq sosial baxımdan həssas qruplar üçün layiqli məşğulluq və gəlir imkanlarının formalaşdırılması, o cümlədən onların cəmiyyətə hərtərəfli inteqrasiyası baxımından Azərbaycan hökumətinin gündəliyindəki prioritet istiqamətlərdəndir. Müzakirələr zamanı spikerlər tərəfindən bildirilib ki, ölkəmizdə sosial sahibkarlıq təşəbbüslərinin artırılması, bu sahədə maarifləndirmə və məlumatlandırma işinin gücləndirilməsi, müvafiq təşkilatlar və qurumlar cəlb edilməklə bu sahədə həvəsli olan şəxslərin bilik və bacarıqlarının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilməkdədir.                                                   

Tədbir çərçivəsində iştirakçılar “ABAD” etno-butikinin də qonağı olub, sosial sahibkarlığın dəstəklənməsi üçün yaradılan imkanlar barədə ətraflı məlumat əldə ediblər. Forumun sonuncu günü iştirakçılardan ibarət komandalar öz startap layihələrini təqdim ediblər.

0.36148691177368