Partiya sədri: Post-müharibə dövründə həm hakimiyyət daxilində, həm müxalifətdə çox neqativ məsələlər ortaya çıxdı

Regionda vəziyyət gərgin olaraq qalır. İmperialist qüvvələrin region maraqları dəyişməyib. Hər biri indiki mərhələdə cərəyan edən qlobal geoiqtisadi, geosiyasi, geostrateji prosesdən qazanclı çıxmağa çalışır. Və heç şübhəsiz ki, prosesdə iştirak edən və iştirak üçün müəyyən oyunlar quran güclər “zəif bənd”lərdən istifadə etməyə çalışır və çalışacaq. Hazırki stiuasiyada Azərbaycan və Ermənistan rəsmilərinin Rusiyanın vasitəçiliyi ilə Soçidə baş tutan görüşü də bu mənada birmənalı qarşılanmır. Radikal cəbhə Azərbaycan Prezidentinin görüşdəki çıxışının və ortaya qoyduğu məsələlərin kiçik detallarına vararaq, ölkə rəhbərinin Soçidə lazım olan məsələlər ətrafında çıxış etmədiyini iddia edirlər. Müxalifət hesab edir ki, Prezident bu görüşdə Ermənistanın Qarabağda törətdiyi hərbi cinayətləri bir daha qeyd etməli və Rusiyanın sülhməramlı qüvvələrinin vecsiz davranışlarına diqqət çəkməliydi. Hətta bir müxalifətçi siyasi ekspert Prezidnetin “Dağlıq Qarabağı verdi”yini, bu istiqamətdə Putinlə razılaşması olduğunu kəskin iddia ilə ortaya qoyaraq, məhz bu məsələnin Soçidə ortaya çıxdığını önə çəkib.

 

Soçi görüşünün 44 günlük müharibədən sonra diplomatik prosesdə hansı mərhələ olduğunu qeyd etmək olar?

 

Bu istiqamətdə Versus.az-a müsahibə verən Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev maraqlı nüanslara diqqət çəkib. 

 

- Fuad bəy, Soçi görüşü regionla bağlı siyasi və geosiyasi müstəvidə hansı reallığı ortaya qoydu. Müxalif cəbhədəki bəzi kəsimin dediyi kimi, bu görüşü “geriyə, SSRİ-yə dönüş”- adlandırmaq olarmı?

 

- Əvvəla qeyd edim ki, regionda, Qarabağ ətrafında baş verən proseslər bəlkə də 30 ilini geridə qoyduğumuz işğal dövründən də çətin və məsuliyyətli bir mərhələdir. Soçi görüşü Azərbaycanın qalib bir ölkə olaraq əsas söz sahibi, şərtlər diqtə edən tərəf olduğunu göstərir. Azərbaycan regionda əsas iqtisadi layihələrin moderatorudur və bu görüşdə ölkə başçısı tərəfindən sərgilənən davranış və arxayınlıq heç də bəzilərinin dediyi kimi, Putinlə gizli razılaşma yox, özünə inam və güvənlə bağlıdır. Azərbaycan 44 günlük müharibədə özünün hərbi gücünü göstərib, qələbə çalıb və Prezident dəfələrlə özünün dəyişməz mövqeyini ortaya qoyub. Soçi görüşünü “geriyə - SSRİ-yə qaydış” adlandıranlar heç şübhəsiz ki, məsələyə çox səthi yanaşır və buna təhlildən çox “bazar”, küçə söhbətləri demək olar.  Azərbaycanın hədəfləri bəllidir və Prezident dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ deyilən münaqişə yoxdur. Azərbaycan öz torpaqlarını azad edib və ərazi bütövlüyünü təmin edib. Təbii ki, bu gün ölkəmiz üçün əsas məsələ sərhədlərin delimitasiya və demorkasiyasıdır. Sərhəd məsələsi öz həllini tapandan sonra, paralel komunikasiyaların açılması öz həllini tapacaq. Sərhədlərin müəyyənləşməsi, sülh sazişi ilk növbədə Azərbaycana vacibdir. Və unutmamalıyıq ki, Zəngəzur dəhlizinin açılması tək Rusiyanın, tək Azərbaycanın məsələsi deyil və bu prosesdə hansı qlobal güclərin olduğunu bilirirk. Ona görə də Soçi görüşü və Putinin bu görüşdə moderatorluğu bu ölkənin dünya qarşısında sərgilədiyi dominantlığıdır. Rusiya onu sıxışdıran Avropa, Qərb dövlətlərinə bir daha bəyan elədi ki, regionda baş verən proseslərdə əsas vasitəçi mənəm və mənim dediklərimlə razılaşmalısınız. Lakin iqtisadi layihələrdə olan dövlətlər Rusiyanı regionda təhlükəsizliyi təmin etməyə məcbur edəcək. Ona görə də Azərbaycan müttəfiq dövlət olaraq sərgilədiyi davranışla Rusiya ilə birgə oynadı. Bu heç də Azərbaycan ərazilərinin Putinə peşkəş edilməsi anlamına gələ bilməz. Bu məsələnin ortaya atılması belə, absurddur. Digər tərəfdən, Azərbaycan üçün maraqlı olan o deyil ki, görüşü kim keçirir, özünü necə aparır. Azərbaycan üçün vacib olan nəticədir və təmkinlə ona doğru gedir. İlk növbədə sərhədlər müəyyənləşməli, Ermənistan sülh sazişini imzalamalıdır. Zəngəzur dəhlizinin açılması ilə Ermənistana da nəfəslik veriləcəyini nəzərə alsaq, Ermənistan və Rusiya sülhün imzalanmasına maneə yarada bilər. Lakin qeyd etdiyim kimi, Zəngəzur xətti açılırsa, regionda təhlükəsziliyin qorunması da o xəttən keçən dövlətlərin məsuliyyəti daxlinə keçəcək. O baxımdan bu məsələdə də heç də Azərbaycanın uduzduğunu söyləmək olmaz. Reallığa qısa şəkildə bu cür qiymət vermək olar. Lakin bir daha deyim ki, proseslər geriyə deyil, bizi irəliyə aparır. Və Rusiya qonşu, müttəfiq dövlət olaraq daim öz dominantlığını regionda qorumağa çalışacaq. Azərbaycanın isə öz məqsədləri var. Səbr, təmkin və düzgün diplomatik gedişlə istəyimizə nail ola bilərik. Azərbaycan Soçidə məhz bu mövqeni nümayiş etdirdi. Unutmaq lazım deyil ki, hələ qarşıda Brüssel görüşü var. Ermənistanı danışıqlarda “ruhlandıran” Avropa Birliyi Erməni Federasiyası öz təsirlərini burda da göstərəcək. Paşinyan problemləri göstərib diqtə ilə ATƏT-in digər Minsk Qrupu dövlətlərinin prosesə cəlb olunmasına çalışacaq. Lakin Soçi görüşü Brüsseli kölgəyə saldı və Paşinyana dedi ki, hara getsən də işin məndən keçəcək.

 

- Sizcə, Soçi görüşünü təhlil edən bəzi müxalifətçi kəsim “Dağlıq Qarabağ” verilib deməklə, diplomatik, ictimai-siyasi prosesə necə təsir edə biləcəyini düşünür. Danışıqların yeni start götürdüyü bir zamanda belə çıxışlar Azərbaycan həqiqətlərinin təbliği və haqlarının qorunması, ictimai birliyin qorunması baxımından bizə hansı üstünlüyü qazandıracaq?

 

- Azərbaycan prosesə münaqişəli ərazi olaraq daxil edilib və Ali Baş Komandanla bir yerdə 44 günlük hərbi zəfər tarixini yazandan sonra apardığı mübarizə diplomatik müstəvidə davam edir. Məhz 44 günlük müharibədə qazandığımız uğurlarla Azərbaycan öz taleyini dəyişib.

Azərbaycan müxalifətinin böyük kəsimi bu prosesdə Xalq, Ordu, Ali Baş Komandanla birgə oldu. Hadisələr iqtidarla müxalifəti bir masa ətrafında birləşdirə bildi. Düşünürəm ki, hansı yersiz iddialar olsa da, Azərbaycan bu birliyi qorumalıdır və siyasi partiyalar olaraq biz konkret ALDP də bu istiqamətdə siyasətini, mübarizəsini davam edir. Çünki dövlət təhlükəsizliyimiz ən önəmli məsələdir və hələ proses bitməyib. 

Post-müharibə dövründə həm hakimiyyət daxilində, həm müxalifətdə çox neqativ məsələlər ortaya çıxdı. Müxalifətin özünün içində partiyalarla bir araya gələ bilməyən AXCP, Müsavat, Milli Şura öz yersiz iddialarını, ambissiyalarını göstərdilər. Hətta işğaldan azad olunan ərazilərə səfərlər edərkən belə, müxalifət partiyalarına qoşulmadılar. Bu çox mənfi haldır. Hətta müxalifəti “sistem”, “avtobus”, “iqtidarın yandaşı” adlandıraraq cəmiyətdə bir parçalanma yaratmağa cəhd elədilər. Yaxud da bu cür yanaşmalarla özlərini təbliğ edib, yenə də “ana müxalifət mənəm” dedilər. Mən bu partiyaları “bar müxalifəti” adlandırıram. Çünki adını çəkdiyim bu partiyaların sədrləri - Əli Kərimli ilə Əli İnsanov otellərin barlarında görüşürlər. Elə bəzi müxalifət partiya nümayəndələri var ki, istər Azərbaycanda, istərsə də xaricdə kafe-barlarda görüşüb guya güc toplayırlar, guya ölkənin vəziyyətini müzakirə edirlər. Əslində bu müxalifət “bar müxalifəti”dir. Köhnə məfkurədən ayrıla bilməyən bu cür kəsim heç bir irəliləyişə nail ola bilməz. Onlardan soruşmaq lazımdır ki, siz parlamentdə olanda, yaxud seçkilərə gedəndə kim idiniz, iqtidarın yandaşı, sistem müxalifəti?! Bu absurd yanaşmalar indi də davam etsə də, artıq ictimaiyyət onlara qeyri-ciddi yanaşır.

Lakin belə bir çətin dönəmdə vahid mövqedən çıxış etməyə, dövlətin yanında olmağa ehtiyac var. Erməni lobbisi, mətbuatı bu gün Azərbaycanın öz torpaqlarını azad etdməsini özünün istilası kimi təbliğ etməkdən dayanmır. İngiltərədə və başqa ölkələrdə olan, xariclə əlaqələri olan bu müxalifət öz gücünü “Prezident Soçidə niyə qışqırıb Putinin üstünə getmədi, niyə müxalifət Ağdama səfər etdi” kimi mənasız çıxışlarla deyil, Ermənistanın Azərbaycanda vurduğu ziyanın zərərinin ödənilməsi ilə bağlı məhkəmələrə baş vurmalıdır. Hər gün Azərbaycandan xarici təşkilatlara haqlarının qorunması, cinayətkarın Azərbaycan ərazilərində törətdiyi əməllərin cavabı istənilməlidir. Ermənistanın işğalçı siyasəti Xocalı soyqırımı, bu gün darmadağın edilən şəhər və kəndlərimizin timsalında nümayiş olunmaldır. Yoxsa “müxalifətəm” deyib, görülən işlərə göz yummaq, “nənəm mənə kor deyib, gəl gedəni vur deyib”lə müxalifətçilik olmaz. Biz bu cür müxalifətçiliyə qarşıyıq.

 

- Fuad bəy, son vəziyyət nədir və uğurlu nəticələr üçün hansı problemləri görməli, həllinə çalışmalıyıq. Qazandığımız hərbi zəfəri, dişli diplomatik gedişləri gücləndirmək üçün ən çox hansı addımların atılmasına ehtiyac var?

 

- Təbii ki, Ermənistan siyasi qüvvələrinin revanşist çıxışları və hərbi təxribatları, həmin qüvvələrin sülh sazişindən yayınmaq istəkləri fonunda regionun radikal müharibə təhlükəsindən sığortalanmadığını ortaya qoyur. Heç şübhəsiz ki, torpaqlarımızın azadlığı, suverenliyi və təhlükəsizliyinin qurunması istiqamətində əldə olunan 1 illik qalibiyyətin sütunları siyasi müstəvidə aparılan danışıqlarda möhkəmləndirilməli, təməlli olmalıdır. Bugünkü hədəf Zəfər Yolumuzun sərhədlərimizin müəyyənləşməsi, sülh sazişi və Zəngəzurdan keçən komunikasiya xəttləri ilə bütün regionun əhatələnməsinə yönəlib. Bu istiqamətdə qurulan təbliğatın, dünya ictimaiyyətinin düzgün məlumatlandırılmasında və xalq-dövlət arasında düzgün əlaqələrin formalaşmasında media orqanlarının, media adamlarının xüsusi rolu var.

Qələm və silah, xalqın ruhu ilə dəmir yumruqda birləşirsə, o gücün qarşısında heç bir qüvvə dayana bilməz. Və bu gün ortaya qoyulan bu hədəflərə çatmaq üçün ictimaiyyətin fəaliyyət aktivliyinin necə olması daim diqqətdə saxlanılır.

İqtidar-müxalifət partiyaları arasında heç bir ambissiya, qərəz güdülmədən açıq görüşlər olmalı, ölkə problemləri deyilməli, müzakirə olunmalıdır. Eləcə də xalqla dövlət orqanları arasında şəffaf əlaqənin olmasını problem görüb ictimaiyyətlə müzakirələr aparmaqla birgə həllinə nail olmaq olar. 44 günlük müharibədə qazanılan zəfər məhz bu təmasın, vahidliyin nəticəsi kimi səciyyələnirsə, nəyə görə bu gün diplomatik uğurlarımızın əsasında həmin o birlik dayanmasın. Yaxud əhalinin mövcud problemlərinin aradan qaldırılması istiqamətində məmur özbaşınalığına son vermək üçün nəyə görə xalqın, siyasi-ictimai camiyənin birgə səyləri və gücündən yararlanmasın. Siyasi partiyaların gücünün birləşməsi, hakimiyyətlə dialoqun, görüş və müzakirələrin aparılmasına bu gün daha çox ehtiyac var. Dediyim kimi, bu gün vəziyyət daha gərgindir. Qiymətlər artır, amma maaş azdır. İnsanlar iş tapa bilmir. İcra hakimiyyətləri hələ də vətəndaşların problemləri ilə maraqlanmır. Sahibkarların, kəndçilərin iş qurmaları üçün imkan yaradılmır. Uşaq pulu məsələsi həll olunmadan qalır. Təhsilimizdə problemlər çoxdur. Hesab edirəm ki, sosial problemlərin həlli o dediyimiz birliyə, möhkəmlənməyimizə aparan yoldur. Hakimiyyət nümayəndələri tutduqları vəzifələri öz şəxsi əmlakı, yeri hesab edir. Rüşvət, korrupsiya halları çoxdur. Ona görə də mən dəfələrlə bildirirəm ki, iqtidar müxalifətdə olan kadrlardan istifadə etməlidir. Mühüm vəzifələrə müxalifətdə olan mütəxəssislər təyin edilməli və ictimai nəzarətin tətbiqi ilə işlər aparılmalıdır. Düşünürəm ki, siyasi partiyaların bu prosesdə iştirakını müəyyənləşdirmək üçün iqtidar-müxalifət dialoqu, görüşləri intensivləşməli və ölkənin nöqsanları dilə gətirilərək həllinə çalışılmalıdır. Vəzifəyə vicdanlı adamlar təyin olunmalıdır. Düşünürəm ki, müharibə şəraitində olan ölkədə hər bir sosial problemə də hərb qaydası ilə yanaşılmalıdır.