“Günəşli” yatağını kəşf edən, Heydər Əliyevlə dost olan məşhur neftçinin qızı ilə MÜSAHİBƏ + FOTO

“Cəsur, işinin bilicisi olan biri idi. Heç bir çətinlik onu qorxuda bilməzdi, yeri gələndə riskə getməyi bacarırdı. Əmək fəaliyyətinə adi bir neftçi kimi başlasa da, qısa müddətdə bacarıqlı buruq ustası kimi adı dünyaya səs salmışdı. Əməksevər insan olub. Onun kəşf etdiyi “Günəşli” yatağından çıxarılan neft respublikamızda çıxarılan neftin 65 %-ni təşkil edir”.

Bu sözləri məşhur neft mühəndisi İsrafil Hüseynovun qızı Gülnarə Hüseynova atası haqqında Modern.az-a danışarkən söyləyib.

4 dekabr tarixi görkəmli neftçi, qazma ustası, Sosialist Əməyi Qəhrəmanı (1977), Azərbaycan Dövlət mükafatı laureatı (1972) İsrafil Hüseynovun 90 illik yubileyidir.

Gülnarə xanımla müsahibəni təqdim edirik:

- Gülnarə xanım, İsrafil Hüseynov xasiyyətcə necə insan olub? Sizin dilinizdən onu tanımaq istərdik.

- Atam İsrafil Hüseynov çox sadə və mehriban insan idi. Onun gözəl danışmaq və dinləmək qabiliyyəti var idi. Daim nəsə axtarırdı, kəşf etmək istəyirdi. Sanki dünyaya hünər və fədakarlıq üçün gəlmişdi. Ermənistandakı Nüvədi kəndində anadan olub. Bəzi məlumatlarda doğulduğu yer kimi Gəncə yazılıb, ancaq o yanlışdır.

Bir nəfər deyə bilməz ki, “İsrafil məni darda qoyub”. Gördüyü bu işlərin heç birini dilə gətirməzdi. Bilirdi ki, təvazökarlıq insanın yaraşığıdır. Ona heyifsilənirəm ki, İsrafil Hüseynov Azərbaycan neftinin necə şöhrətli zirvəyə çatdığını, ikinci evi adlandırdığı “Neft Daşları”nın necə sürətlə inkişaf etdiyini görə bilmədi.

- Neftçi kimi haqında nələr deyə bilərsiniz?

- Heç bir çətinlik onu qorxuda bilməzdi, yeri gələndə riskə getməyi bacarırdı. Əmək fəaliyyətinə adi bir neftçi kimi başlasa da, qısa müddətdə bacarıqlı buruq ustası kimi adı dünyaya səs salıb. Əməksevər insan olub. Onun kəşf etdiyi “Günəşli” yatağından çıxarılan neft Respublikamızda çıxarılan neftin 65 %-ni təşkil edir. Atamın gördüyü işlərin səsi-sorağı bütün keçmiş Sovet İttifaqına yayılmışdı. SSRİ rəhbəri Leonid İliç Brejnev atamı, briqadasını təbrik etmiş, Moskvadan açıqca yollamışdı. Dalğalarla çətinliyə sinə gərərək, alnının təri ilə yüksə mərtəbəyə qalxmışdı.

- İsrafil müəllim, dənizdə üzləşdiyi çətinliklər, ekstremal situasiyalar barədə sizə nələrsə danışırdımı?

- Əlbəttə, danışırdı. Əhvalatları elə həyəcanla danışırdı ki, sonu necə bitəcək deyə səbirsizlənirdik. 1977-ci ildə dənizdə bir burulğan qopub. Vəziyyət o həddə çatıb ki, 19 neftçi özünü trosla estakadaya bağlayıb ki, dənizdə batsalar cəsədləri bir yerdən çıxsın.  

Atamın üzləşdiyi təlatümlər çox olub. Bir əhvalatı da danışım: bir gün möhkəm fırtına qopur. Buruqlara gəmi ilə boru aparmaq mümkün olmur. Belə olan halda bütün məsuliyyəti üzərinə götürərək təkidlə tələb edir ki, qazmaçıları boru ilə təmin etmək üçün vertolyot ayrılsın. Onun inadından dönməyəcəyini görən rəhbərlik məcbur olaraq vertolyot verir. Boruları vertolyota bağlayıb fəhlələrə çatdırırlar. Bununla da hava nə qədər çətin olsa da atam işi dayandırmır. Belə bir cəsur neftçi yaşasaydı zəngin təcrübəsindən faydalanmaq olardı. Amma nə etmək olar, bəzən talenin acı küləkləri vaxtsız gəlir.

- Yaşlı neftçilərin dediyinə görə, İsrafil Hüseynovun Heydər Əliyevlə çox isti münasibətləri olub. Bu barədə nələr bilirsiniz?

- Bizim evdə hər zaman ulu öndər və Zərifə Əliyeva haqqında söhbətlər olub. Onlar bizim ailə ilə daim maraqlanıblar. Qurultaylarda, tədbirlərdə həmişə bir yerdə olublar. Zərifə xanım bizim ali məktəbə daxil olmağımızla belə maraqlanıb, diqqəti həmişə bizim ailənin üzərində olub. Hökumət evinin arxasında ulu öndər bizə ev hədiyyə etmişdi. Heydər Əliyevlə görüşdüyüm bir tədbirdə mənə dedi ki, “sizə Hökumət evinin arxasında verdiyim ev dururmu?” Dedim ki, xeyr. Atam rəhmətə gedəndən sonra anam o evi satdı, pulu övladlarının arasında böldü. Heydər Əliyev atam üçün hər şey etmişdi. Maşın bağışlamışdı. Böyük bacım o vaxt ayağından əməliyyat olunmuşdu. Bundan xəbər tutan Heydər Əliyev bizə Mərdəkanda bir bağı evi bağışladı ki, o uşağa qum lazımdır, əməliyyat olunub. Yəni atamı Heydər Əliyev kimi düşünən, sevən ikinci bir dostu olmayıb.

- Övladlarına nələri məsləhət görürdü? Ailədə İsrafil Hüseynovun davamçısı var?

- Ailədə dörd övlad olmuşuq, üç bacı, bir qardaş. Qardaşım hazırda “Neft daşları”nda çalışır, atamın tam olmasa da, davamçısı kimidir. Çünki Rövşən sosial şöbədə çalışır. Mən isə 33 yaşımdan Milli Məclisdə çalışıram. Mən bura gəlməklə atamı yaşatmışam. Bu dəqiqə də atamın soyadı ilə gedirəm, mənim atama olan sevgim heç nədən böyük deyil.   

Erkən yaşlarda ailə qurmuşuq, atamın istəyi ilə. Çünki xəstə olduğu üçün bizi vaxtında yerbəyer etmək istəyirdi. Rəhmətə getməzdən iki gün əvvəl bizi çağırdı yanına, vəsiyyət etdi ki, “mən bu dünyada yaxşı işlər görmüşəm, ölkədə gördüyüm işlər sizin üçün yaşıl işıqdır, çalışın adımdan yaxşı məqsədlər üçün istifadə edin”.

Atam 1986-cı il yanvarın 31-də dünyasını dəyişdi, vəfat etdiyi gün həftəsonuna düşdüyünə görə fevralın 2-də dəfn olunub.

- 54 yaşında həyatdan köçüb. Bu yaşda dünyasını dəyişmək erkən hesab olunmalıdır. Ölümünə səbəb nə idi, ömrünün son günləri necə xatırlayırsınız?

- Asma xəstəsi idi atam. Ömrünün son günlərində canı ilə əlləşirdi. 23 il dənizdə çalışmışdı, beş il isə vəzifədə oldu. Kabinet işi ilə dəniz işi alınmırdı, nəfəsi çatmırdı. Yadımdadır, o vaxt katibə demişdi ki, “mənim belimi verin əlimə, gedim fəhləliyimi edim, burda nəfəs ala bilmirəm”.

Xəstəliyinin altıncı ilində dünyadan köçdü. Xəstə olmağına baxmayaraq, işə gedirdi. Amma ondan əvvəl infarkt olmuşdu. Atam vəfat edəndə anamın 42 yaşı olub. O öləndən sonra anam bizə həm atalıq, həm analıq edib. Hətta mənim burda çalışmağıma anam səbəb olub. Anamı da 57 yaşında itirdik.

0.40278911590576