Azərbaycan Premyer Liqası: “Qarabağ” klubu “Sabah” üzərində inamlı qələbə qazandı

Dekabrın 4-də futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Azərsun Arena”da Qarabağ” klubu “Sabah” komandasını qəbul edib.

FIFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:1.

Hesabı 16-cı dəqiqədə Qarabağın yarımmüdafiəçisi Abdullah Zubir açıb. Matçın 27-ci dəqiqəsində Bəxtiyar Həsənalızadə bərabərlik qolunu vursa da, oyunun 35-ci dəqiqəsində Filip Ozobiç Ağdam komandasını yenidən önə çıxarıb.

Fasilədən sonra Qarabağ daha üç qol vurub. Qarşılaşmanın 51-ci dəqiqəsində Abdullah Zubir dubl edib. Matçın 77-ci və 90-cı dəqiqələrində isə İbrahima Vadji uzun müddətdən sonra fərqlənərək, matçda son nöqtəni qoyub.

Bu qələbədən sonra xalını 30-a çatdıran Qarabağ liderliyini davam etdirib və vaxtından əvvəl qış çempionu olub. Sabah isə 5 oyundan sonra yeni baş məşqçisi Murad Musayevin rəhbərliyi ilə ilk məğlubiyyətlə üzləşərək, 14 xalla 5-ci pillədə qalıb.

Qeyd edək ki, turun açılış oyununda Keşlə evdə Səbail üzərində qələbəni əldən verib - 2:2.

Tura dekabrın 5-də keçiriləcək Neftçi - Sumqayıt və Zirə - Qəbələ oyunları ilə yekun vurulacaq.

0.44233179092407