Kəlbəcərin “Tutxun” qızıl təzahürü sahəsində ilkin tətqiqat işlərinə başlanılıb - FOTO

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) 2021-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş onlayn müşavirə keçirilib.

Səhmdar Cəmiyyətdən Xeber-ps.com-a verilən məlumata əsasən, müşavirədə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov çıxış edib.

Zakir İbrahimov iclasda işğaldan azad edilən ərazilərimizdə əlvan metal ehtiyatlarının potensialı bu sahənin gələcək inkişafında böyük rol oynayacağından danışıb. Həmçinin, ötən il Cəmiyyət tərəfindən “Tutxun” qızıl təzahürü sahəsində başlanılan ilkin tədqiqat işlərinin gələcəkdə təkcə Kəlbəcər deyil, bütövlükdə Şərqi Zəngəzur iqtisadi rayonunun sosial-iqtisadi inkişafına müsbət təsir edəcəyinə əmin olduğunu qeyd edib, şirkətin bundan sonrakı mərhələlərdə də dövlət tərəfindən bu istiqamətdə aparılacaq vahid siyasətə bütün resursları vasitəsilə dəstək verəcəyini vurğulayıb.

Bildirilib ki, ötən il yataqların mineral-xammal resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və istehsalat proseslərinin optimallaşdırılması üzrə bir sıra vacib addımlar atılıb. Hesabat ilində hasilat göstəriciləri 61,5 min unsiya qızıl, 134,4 min unsiya gümüşə çatdırılıb. Beləliklə, qızıl hasilatı plandan 11 faiz, gümüş hasilatı isə 55 faiz daha artıq icra edilib. 2020-ci illə müqayisədə 2021-ci ildə qızıl hasilatı üzrə 2,5 faiz, gümüş hasilatı üzrə 10,9 faiz artım qeydə alınıb.

İclasda, həmçinin ölkədə metallurji xammal bazasının formalaşdırılması istiqamətində nəzərdə tutulmuş layihələr də müzakirə edilib. Qısa müddət ərzində dəmir filizi yataqlarının hasilata verilməsi və metal qırıntılarını əvəzləyən, həmçinin daha keyfiyyətli metallurji məhsulların istehsalı üçün xammala tələbatın təmin edilməsi istiqamətində atılacaq addımlar və ölkə iqtisadiyyatına veriləcək töhfələrdən bəhs olunub. İdarə Heyətinin sədri bu məqsədlə fəaliyyətin 2 mərhələ üzrə təşkil edilməsinin planlaşdırıldığını qeyd edib. Birinci mərhələdə yüksək dəmir tərkibli filiz konsentratının, ikinci mərhələ üzrə isə birbaşa reduksiya edilmiş dəmirin (və ya isti briketləşdirilmiş dəmirin) istehsalının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

0.35776090621948