Naxçıvanda iqtisadi artım növbəti illərdə sıçrayışlı olacaq

Pərviz Heydərov yazır...

Naxçıvan iqtisadiyyatı Azərbaycan iqtisadiyyatının tərkib hissəsi olsa da özəl xüsusiyyətləri və inkişaf cəhətləri ilə həmişə seçilib. Ölkə iqtisadiyyatının keçən ili necə başa vurduğu bəllidir. İqtisadiyyatımız nəyinki 2020-ci il pandemiyasının vurduğu zərərdən çıxdı, hətta artıq iqtisadi artım nümayiş etdirərək 4,3 faizlik iqtisadi tənəzüllə qarşı, 5,6 faiz rəqəm nümayiş etdirdi.

Bütün bunlar haqda yazmışam.

Ölkəmizin ümumi iqtisadi mənzərəsi fonunda həmişə ayrıca diqqət yetirdiyim Naxçıvan Muxtar Respublikasında isə vəziyyət pandemiya şəraitində necə idisə, elə də davam edib. Yəni, iqtisadiyyat əvvəlki tempdə yüksəlişini davam etdirməkdədir.

Xatırladım ki, keçən il yazdığım şərhdə Naxçıvanın pandemiya yağışından islanmadan çıxdığını qeyd etmişdim. Ölkəmizin adı çəkilən bölgəsi 2020-ci ili, hansı ki, ümumən iqtisadiyyatımız pandemiyanın təsiri nəticəsində 4,3 faiz tənəzüllə başa vurmuşdu, 1,1 faiz artımla yekunlaşdırmışdı.

Bu, möcüzə idi.

Təkrar edirəm: 2020-ci ilin statistikasına əsasən, ölkəmizin sözügedən bölgəsində ÜDM istehsalı 2 milyard 907 milyon 810 min 500 manat təşkil etməklə 1,1 faiz artmışdı.

Ona görə də Prezident İlham Əliyev keçən il mayın 10-da Naxçıvana səfəri zamanı AzTv-yə müsahibəsində qeyd etdi ki, bölgə sürətlə inkişaf edir və burada bütün sahələr üzrə işlər müsbət istiqamətdə gedir. “Sənaye potensialı inkişaf edir, artır. Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmendir. Ümumi daxili məhsul 10 dəfədən çox artıb”, - deyə, dövlət başçısı bildirmişdi.

Sözügedən tendensiya keçən il də qorunub saxlanıb və Muxtar Respublikada sosial və iqtisadi cəhətdən inkişaf davam edib. Belə ki, 2021-ci ildə ÜDM istehsalı 3 milyard 16 milyon 315 min manat təşkil etməklə bir il əvvəlki göstəricidən 2,4 faiz çox olub.

Ümumiyyətlə, qeyd olunan bölgədə 2021-ci ildə sənaye məhsulu 2020-ci illə müqayisədə 1,7 faiz, əsas kapitala yönəldilən vəsaitlər 2 faiz, kənd təsərrüfatı məhsulu 5,3 faiz, nəqliyyat sektorunda yük daşınması 0,9 faiz, informasiya və rabitə xidmətləri 6,9 faiz, pərakəndə əmtəə dövriyyəsi 2,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 1,8 faiz artıb.

Bütün bu rəqəmlər nəyi göstərir? Aşağıda qeyd edim.

Naxçıvandakı iqtisadi artım dayanıqlı sütunlara söykənir. Hansı ki, bu olduqca mühüm şərtdir. O baxımdan ki, mövcud iqtisadi durum belədə çox nadir hallarda kəskin şəkildə dəyişir. Naxçıvanda əldə olunan 2, 4 faizlik artımın da ümumən, ölkə üzrə 5,6 faiz anoloji göstəricidən fərqi də məhz bundan ibarətdir.

Demək istədiyim budur ki, xammal ixracına söykənməyən iqtisadi artım heç bir zaman sıçrayışlı şəkildə qalxıb-düşmür və özünü həmişə ardıcıl, yavaş templə büruzə verir.

Naxçıvanda keçən il “İxrac ili” elan olunmuşdu. Bu, təsadüfi deyildi və çox mühüm strateji məqsəd daşıyırdı. Təkrar edirəm, Naxçıvanda nə neft var, nə qaz...

Ancaq, Naxçıvan iqtisadiyyatı birmənalı olaraq ixrac üzərində qurulub.

Burada çoxlu çeşiddə ixrac qabiliyyətli məhsullar istehsal edilir ki, sözügedən bölgədə müxtəlif tip yerli istehsal sahələri, emal müəssisələrinin yaranması zamanı bunların əsas etibarilə daxili sərvətlər və xammal hesabına fəaliyyət göstərərək məhz ixrac qabiliyyətli məhsullar istehsal etməsinə üstünlük verilir.

Məqsəd isə əvvəl, yerli istehsalı sırf olaraq ixrac imkanlarına sahib etməklə genişləndirərək büdcəni daha çox möhkəm və dayanıqlı gəlir mənbələriylə təmin etmək idisə, sonradan bu, ardıcıl iqtisadi inkişaf istəyində başlıca prioritetə çevrildi.

Naxçıvanın uğuru da məhz bundan ibarətdir.

Ümumiyyətlə, Naxçıvanda iqtisadiyyat demək olar, bütün sektorlar üzrə ixraca köklənmiş durumdadır. Əvvəlki şərhlərimdə də qeyd etdiyim kimi, götürək, adi kənd təsərrüfatını...

Muxtar Respublikada əhalinin ərzaq məhsullarıyla etibarlı təminatında mühüm yer tutan kənd təsərrüfatının inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir. 2021-ci ildə əvvəlki ilə nisbətən 5,3 faiz çox, yəni 573 milyon 380 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib ki, ölkə üzrəsə bu rəqəm 3,4 faizdir.

Sözüm bunda deyil. Bu ondan irəli gəlir ki, bölgədə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm yer tutan kənd təsərrüfatının inkişafı üzrə tədbirlər də ixrac hədəfi və prinsipləri üzərində qurulub.

Buna, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasif Talıbovun 2021-ci il 29 mart tarixli Sərəncamı ilə təsdiq etdiyi “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı”nı misal göstərmək olar.

Belə ki, kənd təsərrüfatının dayanıqlı inkişafını təmin etmək və bu sahədə yeni emal müəssisələrin yaradılması prosesi istehsal olunan məhsulların sırf şəkildə ixrac potensialına malik olması məqsədi daşıyır ki, hər şey buna tabe edilib.

Və yaxud, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasif Talıbovun 2021-ci il 12 mart tarixdə imzaladığı digər Sərəncamı götürək. Söhbət, “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq olunmasına dair sənəddən gedir.

Hansı ki, adi meyvə-tərəvəz məhsullarına olan tələbin yerli istehsal hesabına ödənilməsi istəyi, ixracyönümlü və ekoloji təmiz meyvə-tərəvəz məhsulları istehsalı sahələrinin yaradılması məqsədiylə eyni tandemdə götürülüb.

Bütün bunlar da onu göstərir ki, hər bir iqtisadi fəaliyyət sahələri üzrə Dövlət Proqramları ixracyönümlü hədəf üzərində qurulub və hər şey məhz bunun üzərində təsbit və təsdiq olunur.

Odur ki, Naxçıvanın real iqtisadi durumu, seçdiyi kurs da olduqca xoş təəsürat doğurur. Söhbət, yaxşı düşünülmüş siyasətdən gedir. Şərhlərimdə də yazdığım kimi fasiləsiz iqtisadi artım üçün ixracın əsas hədəf təşkil etməsi aksiom sayılır. Əks halda, stabil dinamik inkişaf qeyri-mümkün hesab edilir.

Burada Naxçıvanda keçən il ərzində hər bir iqtisadi sektor üzrə əldə olunan uğurlara və rəqəmlərə toxunmaq - üzərində dayanmaq istəmirəm. Təkcə onu qeyd edim ki, Naxçıvan getdikcə daha çox sənayeləşir. Və bu da Muxtar Respublika rəhbərliyinin həyata keçirdiyi iqtisadi siyasətin əsas hədəfini təşkil edir.

2021-ci ildə sözügedən bölgədə 1 milyard 69 milyon 655 min 700 manat dəyərində sənaye məhsulu istehsal olunub ki, bu da əvvəlki il göstəricisini 1,7 faiz üstələyib.

Yeri gəlmişkən, cari ildə yerli hökumət “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasını başa çatdıracaq. Sözügedən sənəd bazar iqtisadiyyatı mexanizmi əsasında sahibkarlıq fəaliyyətini genişləndirməyi, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etməklə, qabaqcıl idarəetmə təcrübəsindən faydalanaraq, rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələr yaratmağı nəzərdə tuturdu.

Növbəti ildən yeni beş illik proqramın icrasına başlanacaq ki, bu dəfə bütün vəzifələr daha yeni və olduqca geniş perspektivlər fonunda nəzərdə tutularaq icra edilməli olacaq. Belə ki, ümumiyyətlə, ölkəmizin bu dilbər guşəsinin bundan sonrakı inkişafı özünü həm də Şərqi Zəngəzur, həmçinin Qarabağ iqtisadi rayonları ilə qarşılıqlı əlaqə və dəstək əsasında büruzə verəcək.

Yəni, bölgədəki bütün iqtisadi, nəqliyyat və sair əlaqələri bərpa edildikdən - Naxçıvan Muxtar Respublikasıyla qərb rayonlarımız arasında vətəndaşların, nəqliyyat vasitələri və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkəti təmin edildikdən, başqa sözlə desəm, Zəngəzur dəhlizi işə düşdükdən sonra Naxçıvanın potensialı tam olaraq hərəkətə gələcək ki, bu da bölgədə iqtisadi artımın özünü hər il daha artıq və sıçrayışlı şəkildə büruzə verməsi ilə nəticələnəcək.

0.292072057724