Neft Fondu üçün indi maraqlı olmayan aktiv: Qızıl ucuzlaşır - AÇIQLAMA

Qızıl ehtiyatları Dövlət Neft Fondunun aktivləri sırasında əhəmiyyətli paya sahibdir. Ümumiyyətlə qızıl dünyada ən etibarlı aktivlərindən hesab olunur. Lakin bir sıra proseslər dolların dəyəri ilə tərs mütənasib olan qızılın qiymətinin son bir ildə azalması ilə nəticələnib. 

Dövlət Neft Fondunun 2021-ci il üzrə investisiya fəaliyyətinin yekunları barədə hesabatında portfelin müxtəlif aktivlər üzrə bölgüsündə qızılın payı 13,1 faizə enib. Halbuki, 2020-ci il üzrə Dövlət Neft Fondunun investisiya portfelinin müxtəlif aktivlər üzrə bölgüsündə qızılın payı 14,2 faizi təşkil edirdi. Bununla belə hazırda Dövlət Neft Fondunun qızıl ehtiyatlarının həcmi 101,8 tondur.

Artıq 2020-ci ilin ikinci rübündən Fond qızıl alışını dayandırıb. Onun payının azalması və Fondun qızıl alışına getməməsi ilə bağlı sual yaranır. 

Dövlət Neft Fondu nəyə görə, qızıl aktivlərinin investisiya portfelindəki payının azalmasının qarşısını almayıb və qızıl ilə olan aktivlərin həcmi 101,8 ton olmaqla sabit saxlanılıb?

Bu barədə Dövlət Neft Fondundan Xeber-ps.com-a bildirilib ki, Neft Fondunun investisiya portfelinin alt portfellərinin icazə verilən maksimal çəkisi Fondun investisiya siyasəti ilə tənzimlənir və bu müstəvidə qızıl alt portfeli üzrə maksimal çəki yuxarı uzaqlaşma intervalı maksimum 3 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 15 faizə qədərini təşkil edir.

Qeyd olunub ki, qızıl qiymətlərinin yüksək volatilliklə səciyyələnməsi və qızılın fiziki aktiv olması səbəbindən onun xüsusi saxlanılma və daşınma xüsusiyyətləri nəzərə alınaraq sözügedən maliyyə aktivi üzrə 3 faizlik yuxarı uzaqlaşma intervalı tətbiq olunur.

“İlk öncə qeyd etmək istərdik ki, qızıl aktivlərinin gündəlik qiymətləndirilməsi qızılın qiymətinin dəyişməsi nəticəsində aparılır və qızıl əməliyyatları beynəlxalq bazarlarda əsasən troy unsiya ilə həyata keçirilir. Qızılın çəkisi (nominal dəyəri) dəyişməz qalsa da, qızıl qiymətində baş verən dəyişkənliklər əsasında qızıl maliyyə aktivi üzrə gündəlik bazar dəyəri formalaşır. Beləliklə, sözügedən maliyyə aktivinin bazar dəyərinin dəyişməsi ilə onun ARDNF-nin investisiya portfelindəki payında da dəyişiklik müşahidə edilir”, - deyə Fondun açıqlamasında bildirilib.

Nəyə görə Fond qızıl alışını artırmaqda maraqlı deyil?

Dövlət Neft Fondundan əlavə edilib ki, əsasən strateji məqsədlər daşıyan qızıl investisiyaları, həmçinin iqtisadi tənəzzül, məzənnə riskləri və inflyasiya kimi amillərə qarşı sığorta vasitəsi kimi xüsusi önəmə malik olmaqla, yüksək qiymət dəyişkənliyi ilə səciyyələnən aktiv hesab edildiyi üçün Fond 2020-ci ilin ikinci rübündən etibarən qızıl alışlarını dayandırıb və 2021-ci ildə də qızılın həcmini artırmağı məqsədəmüvafiq hesab etməyib:

“Yuxarıda qeyd olunanlarla bağlı nümunə olaraq 2021-ci ildə qızılın bir troy unsiyası üzrə qiymətinin 1700-1943 ABŞ dolları arasında tərəddüd etməsi nəticəsində investisiya portfelində qızılın payının rüblər üzrə çəkisinin 12,9 faiz, 13,1 faiz, 12,8 və 13,1 faiz kimi dəyişməsini göstərmək olar”.

Qeyd edək ki, son beş il ərzində qızılın 1 unsiya üçün dəyəri 2020-ci ilin avqust ayında 2 000 dollar həddini ötüb. 2021-ci il dekabr ayından 2022-ci ilin yanvar ayına keçid dövründə isə qızıl qiyməti enməkdə davam edib. 1 unsiya üçün qiymət yanvar ayının sonuna qədər 1 790 ABŞ dolları civarına qədər enib. Nəhayət fevral ayından onun qiyməti 1 810 dollar civarına qədər artıb.

“Macrotrends”in hesabatına görə, 2022-ci ildə 2021-ci illə müqayisədə qızıl qiyməti 1,3 faiz, 2021-ci ildə isə 2020-ci illə müqayisədə 3,5 faiz azalıb. Hazırda qızılın 1 unsiyasının dəyəri 1817-1818 dollar civarındadır. 

Nigar Məmmədova

0.36432790756226