Milyonları milyarda necə çatdırmalı? - ARAŞDIRMA

Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı məlumata görə, 2021-ci ildə Azərbaycandan 630 milyon 368 min dollarlıq meyvə-tərəvəz məhsulları ixrac edilib.

Həmin məhsullar arasında pomidor, xurma və fındıq hər biri 100 milyon dollardan çox valyuta gətirib. Kənd təsərrüfatı standartlarını nəzərə alsaq, bunu böyük nəticə, yaxşı göstərici hesab etmək olarmı? Real bazar varsa, meyvə-tərəvəz məhsulları ölkəyə valyuta, fermerə yaxşı gəlir gətirirsə, dövlət daha nə cür dəstək verməlidir ki, ixrac və gəlir bir qədər də artsın? Növbəti hədəfimiz nə olmalıdır?

Məsələ ilə bağlı “Kaspi” qəzeti araşdırma aparıb. 

Mövzu ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirdi ki, Azərbaycanın ixrac etdiyi kənd təsərrüfatı məhsulları ümumi aqrar potensialımızı tam ifadə etmir. Millət vəkilinin sözlərinə görə, ölkəmizin potensialı hazırkı göstəricidən böyükdür və kənd təsərrüfatı məhsullarının daha çox ixrac imkanları var: "Azərbaycanın hədəfi yalnız MDB-yə deyil, inkişaf etmiş ölkələrin bazarlarına da kənd təsərrüfatı məhsulları çıxarmaqdan, ixracı artırmaqdan ibarətdir. Bu, ölkəyə valyutanın daxil olması imkanı yaratmaqla yanaşı, fermerlərin gəlirlərinin artmasına səbəb olur. Belə bir fonda həm daxili tələbatın ödənməsi, həm də ixracatın genişləndirilməsi vacibdir. Nəzərə alaq ki, ötən il dünya bazarında ərzaq məhsullarının qiyməti 38, taxılın qiyməti 45 faiz artıb. Bu ondan xəbər verir ki, daxili tələbatın ödənməsi də kifayət qədər prioritetdir. Dünya bazarında 2025-ci ilə qədər bütünlüklə ərzaq məhsullarına tələbatın ödənməsi baxımdan çətinlik olacağı istisna edilmir. Çünki gündəlik tələbat daim artır. Bu, qlobal bazarda tələb və təklif arasında disbalans yarada bilər”.

İqtisadçı deputat qeyd etdi ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində yeni standartların təkmilləşdirilməsinə, həmçinin fermerlər tərəfindən Avropa İttifaqının, Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun şəkildə məhsulların istehsal edilməsinə və qablaşdırılmasına ehtiyac var: "İkinci vacib məqam bazarların diversifikasiyasıdır. Bu kontekstdə MDB bazarından asılılığın aradan qaldırılması, Avropa və Körfəz bazarlarına çıxış imkanlarının genişləndirilməsi olduqca vacibdir. Bu, qeyri-neft məhsulları ixracının dayanıqlılığı baxımından əhəmiyyət daşıyır. Bir sıra kənd təsərrüfatı məhsullarının istehsalında nəticəyə əsaslanan subsidiya mexanizminin tətbiqinə ehtiyac var. Xüsusən taxıl istehsalında bunun edilməsi mümkündür. Bu, fermerlərin məhsul istehsalını stimullaşdıra bilər. Son dövrlər gübrənin qiymətində artımlar müşahidə olunur. Bu da məhsuldarlığa təsir göstərən faktdır. Məhz bu səbəbdən subsidiya qiymətlərinə yenidən baxılması, müasir qiymətlərə uyğunlaşdırılması daha məqsədəuyğun olardı. Bütövlükdə potensial böyükdür və daha ünvanlı, sistemli tədbirlərin həyata keçirilməsi, genişləndirilməsi Azərbaycanın aqrar ixracatının daha da yüksəlməsinə gətirib çıxara bilər”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin digər üzvü Vahid Əhmədov hesab edir ki, Prezident İlham Əliyevin hökumət qarşısında qoyduğu bir sıra tapşırıqlara uyğun olaraq, Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının beynəlxalq standartlara uyğunlaşdırılması, qablaşdırılması və sair istiqamətdə işlər görülüb. Deputatın fikrincə, məhz bu işlərin nəticəsi olaraq ötən il bəzi kənd təsərrüfatı məhsullarının ixracı kifayət qədər yüksək olub: "2020-ci ildən bu yana biz bu müsbət prosesi izləyirik. Şübhə etmirəm ki, 2022-ci ildə də pomidor, fındıq, xurma və sair kimi kənd təsərrüfatı məhsullarının ixracı yüksək olacaq. Nəzərə alaq ki, ölkədə həm ümumi daxili məhsulda, həm də kənd təsərrüfat məhsullarının istehsalında artım var. Bu gün daxili bazara çıxarılan kənd təsərrüfatı məhsullarının keyfiyyətində, xarici görünüşündə, qablaşdırılmasında müsbətə doğru ciddi dəyişikliklər var. Bu, xüsusi əhəmiyyət daşıyır. Onu da nəzərə almalıyıq ki, xarici bazarda hər hansı məhsul almaq istəyən şəxs, belə məqamlara böyük diqqət yetirir”.

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə qəzetimizə açıqlamasında vurğuladı ki, DGK-nın açıqladığı rəqəmlər kənd təsərrüfatı məhsullarının istehsalında və ixracındakı artım dinamikasını göstərir. Onun sözlərinə görə, Azərbaycanın kənd təsərrüfatı sahəsində əsas ixrac potensialını meyvə-tərəvəz məhsulları təşkil edir: "Artıq bizim çəyirdəkli meyvələr, o cümlədən gilas, albalı, şaftalı kimi məhsulların ixracı ənənəvi alma ixracının həcmini keçib. Bostan məhsulları ixracında da yeni trend yaranıb. İlk dəfə ötən il böyük həcmdə bostan məhsulları, faraş kartof ixrac olunub. Bütün bunlar dövlətin ayrı-ayrı sahələrə göstərdiyi müxtəlif dəstəklər nəticəsində mümkün olub. Misal üçün, intensiv məhsuldar bağların salınması üçün son 3 il ərzində yeni dəstək mexanizmi yaradılıb, subsidiyaların məbləği artırılıb. Perspektivdə qarşıda duran əsas hədəf logistika infrastrukturumuzu daha da inkişaf etdirməkdir. Soyuducu anbarların sayı artırılmalı, əlavə çeşidləyici, daşıyıcı infrastruktur yaradılmalıdır. Faraş meyvə-tərəvəz məhsullarının daşınması üçün soyuducu konteynerlərdən ibarət dəmir yolu infrastrukturunun inkişaf etdirilməsi də qarşıda duran əsas vəzifələrdəndir”.

0.29403686523438