Ceyhun Bayramov Gürcüstana kömək təklif etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstan xarici işlər naziri David Zalkaliani arasında telefon danışığı baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ceyhun Bayramov, dünən Gürcüstan ərazisində baş vermiş zəlzələ ilə bağlı gürcü həmkarından ölkədə mövcud olan vəziyyəti sorğu edib. Azərbaycanın, ehtiyac duyulduğu təqdirdə, hər zaman dost Gürcüstana yardım etməyə hazır olduğunu ifadə edib.

David Zalkaliani zəlzələnin ciddi fəsadlar doğurmadığını söyləyib və nümayiş etdirilən həmrəyliyə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib.

Nazirlər inkişaf etməkdə olan ikitərəfli münasibətlərin aktual mövzularını, habelə regional məsələləri müzakirə ediblər.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşıdan gələn aylarda keçiriləcək tədbirlər üzrə fikir mübadiləsi aparıblar.

0.43846702575684