Ana və iki övladının qətlə yetirildiyi gün hadisə yerinə çağırılan polis evə girməyib? - RƏSMİ

Ötən gün Bakıda ana və övladları amansızca qətlə yetirilib.

Sosial şəbəkələrdə bildirilib ki, hadisə baş verən gün qonşular yaranmış hay-küyə görə polis çağırıblar. Polis qapını döysə də, açan olmayıb və bu zaman hüquq-mühafizə orqanının “əməkdaşı şəxsi məsələləridir, bizim qarışmaq hüququmuz yoxdur, siz də qarışmayın”, - deyərək oranı tərk edib. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov sorğumuza cavab olaraq bildirib ki, artıq məsələ ilə bağlı xidməti yoxlama başlanılıb: “Törədilən bütün qətl hadisələri ilə bağlı prokurorluq orqanlarında aparılan istintaqla bərabər, eyni zamanda, Daxili İşlər Nazirliyində də xidməti yoxlamalar aparılır. Dünənki ağır cinayətlə əlaqədar artıq hadisəni törətməkdə şübhəli bilinən Əhəd Əliyev müəyyən edilərək saxlanılıb. Hadisə ilə bağlı başlanan cinayət işi üzrə prokurorluqda istintaq aparılır.

Xidməti yoxlama zamanı polis əməkdaşlarının hər hansı fəaliyyətsizliyi, yaxud səhlənkarlığı ilə əlaqəli hansısa məqam üzə çıxarsa, dərhal müvafiq qaydada tədbir görüləcək.

Sosial şəbəkələrdə yayılan iddialar hələ ki, təsdiqini tapmayıb. Bir nüansı nəzərə almaq lazımdır ki, cinayəti törədən mərhumların yaxın qohumudur, daim gediş-gəlişi olan, ailənin bir üzvü kimi yaxın şəxsdir”.

İlhamə Əbülfət

0.32694602012634