310 manata görə xalasının ərini öldürüb intihara cəhd etdi

Gəncə Ağır Cinayətlər Məhkəməsində xalasının həyat yoldaşını qətlə yetirən Seymur Rəfiyevə hökm oxunub.

“Kriminalqafqaz”ın məlumatına görə, Seymur Rəfiyev borc üstündə xalasının ərini öldürüb.

Daha sonra isə özü də intihara cəhd edib. Ölən Yusif Dəmirov Gəncə şəhər tibb kollecində tarix müəllimi işləyib.

Onun qızı Sevinc Dəmirova ifadəsində bildirib ki, anası uşaq yaşlarında dünyasını dəyişib: "Atam anamın ölümündən sonra sarsıntı keçirdiyi üçün yay tətilində Bakıya mənim yanıma gəlirdi. Seymur atamdan 420 manat borc pul alıb. Atam pulu istəyəndə hər dəfə bəhanə gətirərək pulu verməyib. Seymur borcun ödənilməsi üçün təqaüd kartını atama vermişdi. Mən iyulda Seymurun kartından 110 manat çıxarıb atama verdim. Avqustda yenidən pul çıxarmaq istədikdə kartın blok olduğunu görüb atama bildirdim. Atam Seymura zəng etdi. Fikirləşdim ki, Gəncəyə qayıdanda Seymurla söhbət edib məsələni həll edərlər”.

Mərhumun qızı onu da bildirib ki, xalası oğlu Seymurla və onların ailəsi ilə münasibətləri yaxşı olub: “27 avqustda Seymur mənə zəng vuraraq atamdan borcun ödənilməsi üçün vaxt verməsini istədi. Mən də atama zəng edib bu barədə bildirəndə etiraz etmədi. Hadisə baş verən gün - 28 avqustda atamla dəfələrlə əlaqə saxlayıb hal-əhval tutmuşdum. Həmin gün axşam yenidən atamla əlaqə saxlamaq istədim, lakin telefonu açmadı. Bir müddət sonra xalam zəng edərək atamın öldüyünü dedi. Xəbəri eşidən kimi Gəncəyə gəldim. Atamın bıçaqla qətlə yetirildiyini, Seymurun polis idarəsinə çağırılan zaman intihar etdiyini Gəncəyə gələndən sonra öyrəndim. Seymurun intihara cəhd etdiyini eşidəndən sonra atamın qətli ilə əlaqəsi olduğundan şübhələndim”.

Sevinc Dəmirova xalası oğlundan şikayətçi olmadığını bildirib.

Qeyd edək ki, S.Rəfiyev Y.Dəmirovu qətlə yetirdikdən sonra polis əməkdaşları onu aparmağa gəlib. Bu zaman o paltarını dəyişmək adı ilə evə girib. Evə girdikdən sonra “essens” turşusu içərək intihara cəhd edib, lakin ölməyib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Seymur Rəfiyev 15 il müddətinə azadlıqdan məhrum edilib.

0.38610816001892