İqtisadi yoxsa inzibati rıçaqlar: İnflyasiyadan necə qorunmalı?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, dünyada ərzaq qiymətləri ötən 10 ildə ən yüksək həddə çatıb. Buna əsas səbəb kimi anomal hava şəraiti, artan istehlak inflyasiyası, enerji və əmək böhranı, pandemiya şəraiti, COVID-19 və yeni ştammların ortaya çıxması, istehsalın azalması və sair göstərilib. 2022-ci ilin yanvar ayında isə əsas yeyinti məhsullarının qiymətləri yenidən yüksəlib.

Mövzu ilə bağlı “Kaspi” qəzeti məqalə dərc edib.

Dünyadakı mövcud vəziyyət qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycana da təsirsiz ötüşməyib. İstəsək də, istəməsək də həyat bahalaşıb, bütün sahələrdə qiymət artımı müşahidə olunub, inflyasiya fərqli sektorlarda özünü büruzə verib. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2022-ci ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarında daha çox bahalaşma çörəyin, unun, qarabaşaq yarmasının, makaron məmulatlarının, qoyun, mal və toyuq ətinin, təzə və dondurulmuş balığın, pendirin, kəsmiyin, xamanın, qatılaşdırılmış şəkərli və sterilizə olunmuş üzlü südün, kərə yağının, narın, heyvanın, naringinin, xurmanın, bananın, almanın, armudun, xiyarın, pomidorun, balqabağın, kartofun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, kakao tozunun, limonadın, pivənin, arağın, tütün məmulatlarının, ucuzlaşma isə əsasən yumurtanın, portağalın, kələmin, çuğundurun və yerkökünün qiymətlərində müşahidə olunub. Xaricdə istehsal olunan və Azərbaycana idxal olunan məhsulların qiymətində bahalaşma xüsusilə diqqət çəkib.

Dünya ərzaq bazarlarında məhsulların qiymətlərində müşahidə olunan kəskin bahalaşmanın Azərbaycanda işgüzar fəallığa, əhalinin rifahına və alıcılıq qabiliyyətinə mənfi təsirini azaltmaq üçün fevralın 17-18-də Baş nazir Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib. Toplantıda dünya ərzaq bazarlarında məhsulların qiymətlərində kəskin bahalaşmanın ölkədə işgüzar fəallığa, əhalinin rifahına və alıcılıq qabiliyyətinə mənfi təsirinin qarşısının alınması məqsədilə təxirəsalınmaz antiinflyasiya tədbirlərinin gücləndirilməsi geniş müzakirə olunub. Qiymət artımı şəraitində əhalinin real gəlirlərinin və alıcılıq qabiliyyətinin qorunmasına yönəlmiş tədbirlər və Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə əmək haqları, sosial ödənişlər və sosial dəstək tədbirlərinin artırılması xüsusi vurğulanıb. Sosial islahat paketinin 3,4 milyon insanı əhatə etdiyi və bu məqsədlər üçün əlavə 2,1 milyard manat dövlət vəsaitinin ayrıldığı bildirilib. Sosial dəstək tədbirlərinin davam etdirilməsi, zərurət olduğu təqdirdə özünüməşğulluq və haqqı ödənilən ictimai işlər proqramının əhatə dairəsinin daha da genişləndirilməsi və digər aktual məsələlər barədə müvafiq tapşırıqlar verilib.

Sözügedən iclasda qəbul edilən qərarlarla yanaşı, hökumət daha hansı tədbirlərə əl atmalı, ölkədə bahalaşmanın qarşısını necə almalıdır? Bunun üçün potensialımız varmı, risklər hansı səviyyədədir? Ümumiyyətlə, hökumətin qiymətləri tənzimləmək üçün rıçaqları varmı? Mövzu ilə bağlı açıqlama verən Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Əli Əlirzayev bildirib ki, qiymətlərin bahalaşması daxili və xarici amillərdən, təsirlərdən asılıdır. Onun sözlərinə görə, bunun üçün hər bir ölkənin daxili tənzimləmə siyasəti olmalıdır:

“Qiymət artımına təsir edən daxili və xarici amillərin qarşısını inzibati yollarla almaq qeyri-mümkündür. Müəyyən iqtisadi mexanizmlər vasitəsilə bu təsirləri yumşaltmaq olar. Bir qiymət sistemindən başqa qiymət sisteminə keçid etmək gərəkdir. Əgər qiymət bütün dünyada dəyişirsə, hansısa sahibkara deyə bilmərik ki, xaricdən dollarla baha qiymətə aldığın məhsulu Azərbaycana gətirib ucuz qiymətə sat. Mənfəət olmadığı təqdirdə heç bir sahibkar belə bir addım atmaz. İnzibati yolla sahibkar qarşısında qəti tələb qoyularsa, o, fəaliyyətinə son verəcək. Nəticə etibarilə sahibkarlıq subyekti sıradan çıxacaq”.

İqtisadçı alim deyib ki, rəqabət şəraitinə uyğun, real bazar prinsipləri gözlənilməklə müvafiq addımlar atılmalıdır:

“Bunun üçün dövlətin özünün siyasəti var. Elə məhsullar var ki, onun qiyməti bahalaşsa da, güzəşt yeri var. Əgər dünya bazarında neftin qiyməti bahalaşırsa, Azərbaycanın neftdən əldə etdiyi gəlirlərin həcmi artır. Yaxud kənd təsərrüfatı məhsullarının dünya bazarında qiyməti artırsa, ixracdan əldə etdiyimiz gəlirlər artacaq. Qiymət nədir? Qiymət ümumi daxili məhsulu, ölkənin bütövlükdə əldə etdiyi iqtisadi artımı, iqtisadi inkişafı təmin edir. Qiymətlər artanda iqtisadi imkanlar da çoxalır. Qiymətlər bahalaşdıqca, əhalinin alıcılıq qabiliyyəti azalır. Belə olan təqdirdə pərakəndə, dövlət və inhisar qiymətləri dövlət siyasəti əsasında tənzimlənməlidir. Məsələn, neft ixracından daxil olan, yaxud digər məhsulların bahalaşmasından əldə edilən gəlirlərin bir hissəsi sosial müdafiə məqsədilə istifadə edilməlidir. Sosial müdafiə rıçaqları çevik və təsiredici olmalıdır. Yəni qiymətlərin dəyişməsi heç bir istehlakçının əvvəlki həyat səviyyəsini, onun sosial rifahını dəyişməməli, mənfi təsir etməməlidir. Dövlətin bu istiqamətdə sosial siyasəti olmalı, əsasən də bazarlarda sağlam rəqabət mühiti yaradılmalı, monopoliya aradan qaldırılmalı, konkret nəticələrə hesablanan subsidiyalara üstünlük verilməlidir. Heç bir halda inzibati yolla problemi həll etmək metoduna üstünlük vermək olmaz”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Baş nazir Əli Əsədov fevralın 21-də “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” sərəncam imzalayıb.

0.38099098205566