Satan çox, alan yox - Bayram yarmarkasından REPORTAJ + FOTO

Novruz bayramı ilə əlaqədar Bakının müxtəlif yerlərində bayram yarmarkaları quraşdırılıb.

Xeber-ps.com-ın əməkdaşları metronun “28 May” stansiyasının yaxınlığında təşkil edilən yarmarkada qiymətlər ilə maraqlanıb. 

Bayrama 10 günə yaxın vaxt qalsa da, yarmarkada alıcı gözə dəymirdi.

Elə satıcılar da bundan narazı idi.

Satıcı Elnur Vəliyev bildirib ki, yarmarkaya çox az adam baş çəkir:

“Biz məhsulları marketlərdən qat-qat ucuz təklif edirik. Demək olar ki, alıcı yoxdur. Heç məhsulun üzünə baxmırlar. Bizim yanımızda olan neçə nəfər satış olmadığı üçün yerlərini bağlayıb, getdi”.

Quraşdırılan çadırlar bayram məhsullarının - səməni, müxtəlif çərəzlərin, bayram şirniyyatlarının satılması üçün nəzərdə tutulub.

Bu çadırların fəaliyyətində əsas məqsəd bayram məhsullarının əhaliyə nisbətən ucuz qiymətə satılmasıdır.

Baş çəkdiyimiz ərazidə olan çadırda Novruz bayramına aid çox az məhsul satılır. Əsasən qab-qacaq, müxtəlif növ güllər, oyuncaqlar, hədiyyələr müştərilərə müxtəlif qiymətə təklif olunur.

Çadırın Novruz bayramı yarmarkası olduğunu təsdiqləyən yeganə məhsulun - səməniyə gəlincə, onun qiyməti bir manatdan başlayır.

Kötük üzərində olan səməni isə 15 manatdır. Xüsusi özəlliyi isə kötüyün dekor olmasıdır…

Müşahidələrimiz onu göstərir ki, qiymətlər ötən illərə nisbətən xeyli bahalaşıb.

Biz orada olan müddətdə çox az alıcı yarmarkaya baş çəkdi.

Yarmarkada fındıq ləpəsinin kiloqramı 13-17 manat, qoz ləpəsinin 12-17 manat, badam 18 manat, kişmiş 5-9 manat, düyü 3-5 manatdır, bayram xonçaları isə 15 manatdan başlayır...

İlhamə Əbülfət
FOTO: Rəşad Mehdiyev

0.37770891189575