Qaziyə əlillik təyin edilməyib? - AÇIQLAMA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Bakı şəhər sakini Əzizzadə Rəhman Həsən oğlunun əlillik təyinatı ilə bağlı şikayətinə münasibət bildirib. 

Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Tural Qurbanov bildirib ki, R.Əzizzadəyə hələ bu ilin yanvar ayında 3-cü qrup əlillik təyinatı aparılıb:

“Belə ki, 2022-ci ilin yanvarın 24-də o, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib. Onda sağ göz almasının eukulyasiyasından sonrakı vəziyyət və astenik əlamətlər müəyyən edilib.

Digər orqan və ətraflarda əlillik təyinatına əsas verən patofunksional əlamətlər izlənilməyib. Eyni zamanda, Rəhman Əzizzadənin onunla bağlı iddia etdiyi “Beyin atrofiyası” diaqnozu Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təqdim edilən Şəhadətnamədə qeyd edilməyib. 

Şəhadətnamədə qeyd edilən diaqnoz və şəxsin hazırkı vəziyyəti qanunvericiliyə uyğun olaraq III dərəcə müddətsiz əlillik təyinatına əsas verir. 

Bu əsasda da Rəhman Əzizzadəyə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyin edilib”.

“Hazırda əlillik təyinatına uyğun olaraq 11.12.2021-ci il tarixindən 300 manat məbləğində ödəniş həyata keçirilir. Bununla yanaşı, R.Əzizzadə 8 may 2021-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Yaşayış kompleksindən ikiotaqlı mənzil ilə təmin olunub”, - deyə o qeyd edib.

0.37911891937256