Şarl Mişel: “Aİ-nin ehtiyatda Rusiyaya qarşı yeni sanksiyaları var”

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bildirib ki, Aİ-nin Ukraynaya görə Rusiyaya qarşı ilk sanksiyaları Avropaya minimal zərərlə hazırlanıb və birlik təzyiqləri davam etdirmək üçün yeni sanksiyalar tətbiq etməyə hazırdır.

“Biz ilk sanksiyaları elə tənzimləmişik ki, onlar (Rusiya hakimiyyəti - red.) üçün daha ağrılı və bizim üçün daha az təsirli olsun. Biz güc balansını dəyişmək üçün təzyiqimizi davam etdirməliyik. Bizim ehtiyatda digər əlavə sanksiyalarımız da var”, -deyə Aİ Şurası rəhbəri “la Repubblica” qəzetinə müsahibəsində bildirib.

Mişel Aİ-nin hansı yeni tədbirləri nəzərdən keçirdiyini açıqlamayıb, lakin qeyd edib ki, Avropa indiyə qədər Moskvanı “təəccübləndirə” bilib. O, bunu davam etdirəcəklərinə ümidlü olduğunu dilə gətirib.

Şura sədrinin sözlərinə görə, Ukrayna hadisələrindən sonra Avropa liderlərinin qavrayış və düşüncə tərzində dəyişikliklər baş verib.

Mişel Aİ-nin müdafiə və iqtisadiyyatla bağlı son qərarlarını “Kopernik inqilabı” ilə müqayisə edərək, “Biz enerji və müdafiə kimi milli məsələlərin Avropa suverenliyi ruhunda həll olunacağına qərar verdik”, - deyə qeyd edib.

Mənbə: RİA Novosti

0.45799899101257