Gürcüstanda hökumət prezidenti məhkəməyə verəcək

Gürcüstanın hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası ölkə Prezidenti Salome Zurabişvilini Konstitusiyanı pozmaqda ittiham edib və yaxın vaxtlarda bununla bağlı ölkənin Konstitusiya Məhkəməsinə müraciət etmək niyyətindədir.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib ki, Prezident Salome Zurabişvili Avropaya səfərlər və siyasi liderlərlə “qeyri-rəsmi” görüşlərlə bağlı yanlış fikirdədir.

“Təəssüf ki, Gürcüstan prezidentini yanıldıblar. Demək istəyirəm ki, o, anlaşılmaz vəziyyətə düşüb. Ümid edirəm ki, hər şey tezliklə aydınlaşacaq və bu məsələlər öz həllini tapacaq”, - deyə Gürcüstan Nazirlər Kabinetinin rəhbəri bildirib.

Qaribaşvili diqqəti ona çəkib ki, Konstitusiyaya uyğun olaraq, prezident səfərlərini hökumətlə  razılaşdırmalıdır. O xatırladıb ki, ölkənin əsas qanununda deyilir: Gürcüstanın xarici siyasətini parlament müəyyən edir və Gürcüstan hökuməti həyata keçirir.

“İlk növbədə, biz Gürcüstan prezidentini ölkə Konstitusiyası və xüsusilə üç əsas konstitusiya orqanının - parlament, hökumət və prezidentin - konstitusiya səlahiyyətləri ilə tanış olmağa çağırmaq istəyirik”, - deyə partiyanın bəyanatında qeyd edilir.

Xatırladaq ki, Salome Zurabişvili bundan bir gün əvvəl hökumətin imtinası səbəbindən işgüzar səfərlərini ləğv etməli və Avropada qeyri-rəsmi, şəxsi görüşlər keçirməli olduğunu deyib. Zurabişvili Rusiyanın Ukraynaya müdaxiləsindən az sonra bir neçə ölkənin yüksək səviyyəli rəsmiləri və Avropa İttifaqının rəhbərliyi ilə görüşüb.

Mənbə: Sputnik Gürcüstan

0.44516491889954