Ölkəmizə vurğun olan Seneqal əsilli fransalı: “Evimdə Azərbaycan bayrağı asılıb” - FOTO

Mənim Azərbaycana ilk səfərim 2016-cı ilin yayında baş tutub.  

Azərbaycan Gənclər və İdman Nazirliyinin dəvəti ilə 10 günlük səfərdə olmuşam. Həmin vaxt Fransanın Bakıdakı səfirliyi Azərbaycan dili bilikləri üzrə müsabiqə təşkil edirdi və mən qalib oldum. Paytaxtla yanaşı, Qəbələdə, Lahıcda, İsmayıllıda və Şəkidə oldum.

Yeri gəlmişkən, sonuncu mənim ən sevimli şəhərimdir. Mən onun tarixinə heyranam və Şəki paxlavasını çox sevirəm.

Bu sözləri Media.Az-a müsahibəsində ölkəmizə qarşı böyük sevgi bəsləyən Seneqal əsilli fransalı İbrahima Diavara deyib:

“Azərbaycanlılar Afrika əsilli avropalının türkçə danışmasından və Azərbaycan dilində anlamasından təəccübləndilər və eyni zamanda fəxr etdilər. Onlar çox mehriban və qonaqpərvər idilər. Bu sözü deməkdən çəkinmirəm, məni krallara layiq qarşıladılar. Mən hər gün azərbaycanlılara göstərdikləri sevgi və hörmətə görə təşəkkür edirəm, o günlərdə özümü həqiqətən öz evimdəki kimi hiss edirdim”.

O, Azərbaycan mədəniyyətini özü üçün doğma hesab etdiyini də bildirib:

“Bundan əlavə, mənim evimdə Azərbaycan bayrağı asılıb, Azərbaycanla bağlı suvenirlər göz oxşayır. Hər axşam Azərbaycan çayı içirəm, tez-tez Azərbaycan milli yeməklərini yeyirəm. Həmçinin müntəzəm olaraq muğama qulaq asıram. Yeri gəlmişkən, muğam insanı çox sakitləşdirir. Ən çox sevdiyim Azərbaycan mahnısı isə “Daşlı qala” xalq bəstəsidir. Parisdə Azərbaycan mədəniyyətini təbliğ etməyə çalışdığım üçün Fransada bəziləri elə bilir ki, mən azərbaycanlıyam. Sizin xalqınızın möhtəşəm adət-ənənələri var”.

Fransalı həmçinin Azərbaycan dilini necə öyrənməsindən də bəhs edib:

“Parisdə türk diasporunun nümayəndələri ilə yanaşı yaşadığımız üçün türk dilini uşaqlıqdan eşitmişəm. Məktəbi bitirdikdən sonra isə Fransada universitetdə türkologiya fakültəsinə daxil oldum, elə burada Azərbaycan dilini də öyrəndim. Sirr deyil ki, türk və Azərbaycan dilləri çox oxşardır”.

0.3490149974823