Güləş üzrə Avropa çempionatını Azərbaycan ümumi medal sıralamasında neçənci yerdə tamamladı?

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə Avropa çempionatı başa çatdı.

Xeber-ps.com xəbər verir ki, həmin yarışın nəticələrinə əsasən Azərbaycanın çempionatı ümumi medal sıralamasında neçənci yerdə başa vurduğu məlum olub.

Azərbaycan bu yarışda üç qızıl, altı gümüş və yeddi bürünc medal olmaqla 16 medal qazanıb. Bu, qitə çempionatında qardaş Türkiyədən (yeddi qızıl, üç gümüş və yeddi bürünc medal) sonra ən yaxşı nəticə olub. Digər qonşumuz Gürcüstan isə bu turnirdə 11 medal (2-4-5) qazanmaqla üçüncü yeri tutub. Meydan sahibi Macarıstan isə doqquz medalla (2-2-5) beşinci olub.

Qeyd edək ki, Azərbaycan sərbəst güləşdə baş məşqçi Namiq Abdullayevin rəhbərliyi altında bir qızıl, dörd gümüş və iki bürünc medal qazanmaqla üçüncü dəfə Avropa çempionu olub. Analoji nəticəyə 2009-cu ildə Litvanın paytaxtı Vilnüsdə Saypulla Absaidovun, 2017-ci ildə Serbiyanın Novi Sad şəhərində Firdovsi Umudovun komandası nail olmuşdular.

Cəmi üç idmançı ilə yarışa qatılan qadın millimiz bir gümüş medal qazanıb.

İki qızıl, bir gümüş və beş bürünc medal qazanan Aleksandr Tarakanovun baş məşqçisi olduğu yunan-Roma güləş millimiz isə ilk dəfə Avropa çempionu olub.

Onu da bildirək ki, güləş millilərimiz ötən il Polşanın paytaxtı Varşavada keçirilmiş Avropa çempionatında ümumilikdə səkkiz medal (1-2-5) qazanmış və səkkizinci olmuşdu.

Səbuhi Musa

0.33319783210754