Ümumdünya Güləş Birliyi Bakıda Avropa çempionatının keçiriləcəyini təsdiqləyib

Ümumdünya Güləş Birliyi (UWW) 23 yaşadək (U-23) idmançıların Avropa çempionatının Bakıda keçirilməsini təsdiqləyib.

Xeber-ps.com xəbər verir ki, UWW 2023-cü ildə böyüklərin Avropa çempionatının ilk dəfə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilməsi və 2024-cü ildə U-23 qitə birinciliyinin Bakıda təşkil olunması barədə çıxarılan qərarı təsdiq edib.

UWW prezidenti Nenad Laloviç bu barədə danışıb:

“Bakının 2024-cü il U-23 Avropa çempionatına ev sahibliyi etməsi Azərbaycanın gələcəkdə tədbirlərə ev sahibliyi edəcəyinə müsbət işarədir və güləşə uzunmüddətli marağın yüksək olaraq qaldığını göstərir. Onlar bu ilin sonunda yunan-Roma güləşi üzrə Dünya Kubokuna ev sahibliyi edəcəklər və U-23 Avropa çempionatının bu siyahıya əlavə edilməsi onların təşkil etmək istədikləri böyük yarışların sayını artırır”.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə Dünya Kuboku bu il 5-6 noyabr tarixlərində keçiriləcək.

Xatırladaq ki, daha əvvəl güləş üzrə 2012-ci ildə Avropa çempionatı və 2015-ci ildə qitə birinciliyini əvəz edən I Avropa Oyunları Bakıda təşkil olunub. U-23 Avropa çempionatı isə ilk dəfə Bakıda keçiriləcək. Bu yarış 2024-cü ilin 8-14 aprel tarixlərində baş tutacaq.

Səbuhi Musa

0.33599710464478