“Qalatasaray”ın sabiq məşqçisi: “AFFA-ya və “Sumqayıt”ın prezidentinə iş üçün müraciət etdim, razı olmadılar”

“İki-üç il əvvəl AFFA-da Elxan Məmmədova (sabiq baş katib, indiki icraçı vitse-prezident – red.) köməyimi təklif etdim. Çünki Azərbaycanda beş il işləmişdim, oradakı futbolun içində olmuşdum”.

Bunu Xeber-ps.com-a “Qalatasaray”ın və “Qəbələ” klubunun Futbol Akademiyasının sabiq məşqçisi Rəcəb Yazıcı deyib.

63 yaşlı məşqçi bildirib ki, 2009-2013-cü illərdə işlədiyi Azərbaycanda yenidən çalışmaq üçün təkliflər göndərib. Lakin AFFA təklifə müsbət cavab verməyib:

“Elxan Məmmədov mənə cavab yazdı və hazırda belə bir şey düşünmədiklərini bildirdi. Halbuki Azərbaycana türkiyəli, Türkiyəyə də azərbaycanlı futbolçuları gətirmək mümkün idi. Türkiyədə də böyük pullara əcnəbi məşqçilər gətirirlər, ancaq sonra heç bir şey olmadıqları üzə çıxır və böyük təzminat alıb buradan gedirlər. Azərbaycanda da belədir. II divizion klubu “Vanspor”da iki ay baş koordinator vəzifəsində işlədim və müəyyən səbəblərdən noyabrda oradan ayrıldım. Fasiləyə kimi qalsaydım, azərbaycanlı oyunçuları ora gətirə bilərdim”.

O, daha sonra “Sumqayıt”ın prezidenti Riad Rəfiyevlə əlaqə saxladığını bildirib. Elxan Məmmədovdan fərqli olaraq, R.Rəfiyev onun telefonlarına reaksiya verməyib:

“Azərbaycan klublarına da müraciət etdim, ancaq səsimi eşitdirə bilmədim. Menecerlər vasitəsilə o klublarla təmasa keçdim. “Sumqayıt” klubunun Akademiyasına müraciət etdim. Keçmiş tələbələrimdən biri vasitəsilə klub prezidenti Riad Rəfiyevin telefonunu tapdım. Orada Akademiya direktoru olsa da, ona işbirliyi təklif etdim. Ancaq o oxudu və mesajlarıma cavab vermədi. Bir dəfə də olsun, mənə cavab yazmağa ehtiyac duymadı. Hətta zəng də vurdum, telefonu açmadı. Halbuki “Qəbələ”də çalışarkən Sumqayıtdan çoxlu futbolçu alırdıq. O şəhərdən, Gəncə, Tovuzdan çox yaxşı futbolçular olurdu. Oradakı futbolçuların potensialına bələd olduğumdan, faydamın dəyəcəyini düşünürdüm”.

Səbuhi Musa

0.36361789703369