Premyer Liqa yekunlaşdı: “Qarabağ”la “Sumqayıt” darmadağına sevindi, turnirin bombardiri bəlli oldu

Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulub.

Xeber-ps.com xəbər verir ki, son turun son iki oyununda darmadağın qeydə alınıb.

Əvvəlcə “Sumqayıt” “Səbail”i meydana çıxmağına peşman edib. Qarşılaşma “gənclik şəhəri” təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin qollarını 4-cü dəqiqədə Anatoli Nuriyev, 35 və 42-ci dəqiqələrdə Əli Qurbani, 51-ci dəqiqədə Elvin Bədəlov, 86-cı dəqiqədə isə Vüqar Bəybalayev vurub.

Xallarının sayını 22-yə çatdıran “Sumqayıt” mövsümü 7-ci, 15 xala malik “Səbail” isə sonuncu - 8-ci pillədə başa vurub.

Ardınca isə əzəli rəqiblərin dueli baş tutub. Artıq çempionluğu təmin etmiş “Qarabağ” ikinci pillədə qərarlaşacağı dəqiqləşmiş “Neftçi” ilə üz-üzə gəlib.

“Azersun Arena”dakı qarşılaşma “köhlən atlar”ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində 5-ci və 14-cü dəqiqələrdə Patrik Andrade, 10-cu dəqiqədə Kadi Borges fərqlənib.

57-ci dəqiqədə qonaqların qapıçısı İvan Brkiç avtoqol müəllifi olub. 71-ci dəqiqədə isə Ramon Maçado təsəlli qoluna imza atıb.

“Qarabağ” qələbə sayəsində xallarının sayını 69-a çatdırıb. “Neftçi” isə 50 xalda qalıb.

Azərbaycan Premyer Liqasının bombardiri də bəlli olub. “Qarabağ”lı Kadi “Neftçi”yə qarşı oyunda da fərqlənməklə qollarının sayını 12-ə çatdırıb və şəxsi uğura imza atıb.

Qeyd edək ki, günün ilk matçlarında “Zirə” “Şamaxı” ilə qolsuz heç-heçə edib. “Qəbələ” isə “Sabah”la bərabərə qalıb - 1:1.

0.35219597816467