Dörd uşaq anası olan sevgilisini məktəbdə qətlə yetirən şəxs hakim qarşısına çıxacaq

İsmayıllı rayonu Basqal qəsəbə tam orta məktəbinin həyətində 1982-ci il təvəllüdlü Gülarə Qəhrəmanovanın 11 fevral 2022-ci il tarixində qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Bu barədə İsmayıllı Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, istintaqla zərərçəkmişin tanışı Bəxtiyar Əhmədli şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov bıçağı ilə çoxsaylı xəsarətlər yetirərək Gülarə Qəhrəmanovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Bəxtiyar Əhmədliyə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, hadisəni törədən 25 yaşlı şəxslə dörd uşaq anasını olan Gülarə Qəhrəmanova arasında sevgi münasibətləri olub.