Nazirliyə məxsus xidməti qayığın yandırılması ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + FOTO

Bugün səhər saatlarında Mingəçevir Şəhər Polis Şöbəsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan xidməti qayığın Kür çayında qanunsuz balıq ovlayan brakonyer tərəfindən yandırılması və nəticədə nazirliyin regional idarəsinin iki əməkdaşının müxtəlif dərəcəli yanıq xəsarətləri alması ilə bağlı məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Xeber-ps.com-a verilən məlumata görə, əməliyyat-istintaq qrupu tərəfindən hadisəni törədən şəxsin əvvəllər də məhkum olunmuş Şaban Məmmədov olduğu müəyyən edilib və o, tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

12:57

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmət rəisi Hikmət Əlizadə Xeber-ps.com-a bildirib ki, brakonyer xidməti vəzifələrini yerinə yetirən əməkdaşların qanuni tələblərinə tabe olmayaraq onların olduğu qayığa yanacaq tökərək yandırıb. Hadisə nəticəsində müfəttiş Bəhruz Mustafayev yüngül yanıq xəsarətləri alıb.

“Hadisə ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsinə məlumat verilib, polisin operativ müdaxiləsi nəticəsində təqsirkar şəxs saxlanılıb. Hazırda faktla bağlı polis şöbəsində araşdırma aparılır”.

0.4315288066864