ALDP Bəyanat qəbul edib: Azərbaycan əsgəri öz tarixi missiyasını yerinə yetirdi

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyəti Zəfər Bayramın ikinci ildönümü ilə bağlı Azərbaycan xalqına təbrik Bəyanatı qəbul edib. Bəyanatda deyilir:

Əziz həmvətənlər!

200 ildən çoxdur ki, Azərbayacan öz tarixi torpaqlarını itirilməsinin əsas səbəblərdən biri  ermənilərin bizim bölgəyə köçürülməsi və himayədarlarının köməkliyi ilə torpaqlarımızdan onlara pay verilməsi olub. Bizim tarixi torpaqlara köçəndən sonra toponimlərimizi münbit əraziləri ələ keçirməyə çalışmış, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. Erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə on minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illərdə erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı xalqımızın yaddaş tarixinə həkk olunub. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı soyqırıma məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə, yeksan edilmişdir. 1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 000 azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə daha 250 000 azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir.

Son 29 il ərzində Azərbaycan Beynəlxalq ictimayyiyətdən ədalətin bərqərar olunmasını istəyirdi. BMT işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır. Məlum olduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün ATƏT-in Minsk qrupu təsis olunmuşdur. ATƏT Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır.

Azərbaycan xalqı torpaqların işğalda qalmasını heç vaxt qəbul etməmişdir və Azərbaycan əsgərinin arxasında duraraq Ali Baş Komandanın əmrini gözləyirdi.

2020-ci il sentyabrın 27-i, Azərbaycan əsgəri bu əmri, Ali Baş Komandandan alarkən öz qəhrəmanlığı və peşəkarlığı ilə  Ermənistanın silahlı qüvvələrini məhv etdi. Ermənilərin uzun illər yaratdıqları mif darmadağın oldu. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi.

Bu Zəfər gününə gedən yolda Ermənistanı himayə edən, özünə dost bilən Fransa, İran və digər dövlətlər erməni-faşistləri açıq-aşkar dəstəkləyirdilər, Azərbaycana isə təzyiqlər göstərirdilər. Bütün bu təzyiqlərə baxmayaraq, Ali Baş Komandan İlham Əliyevin qətiyətliyini görərək Azərbaycan əsgəri öz tarixi missiyasını yerinə yetirdi.

Əziz həmvətənlər!

Azərbaycan əsgəri torpaqlarımızın işğalına son qoyaraq Azərbaycan xalqına Zəfər gətirdi!

Bu Zəfər günü münasibətilə sizi təbrik edirik!

Tanrı Azərbaycan əsgəri və xalqını qorusun!

Hörmətlə,

ALDP Rəyasət Heyəti 

0.47494411468506