Naxçıvanda da korrupsiya var...

Kubra Məhərrəmova yazır...

Əslində biz sevirik axı hər şeyi daha da qəlizləşdirməyi. 

Bəzən adi bir əhvalatı adama elə danışırlar, elə bəzəyirlər ki, deyirsən ki, yəqin, adamın Pentaqonda, ya da MKİ-də tanışı var. Özlüyündə düşünürsən ki, qardaş, yəni bu boyda yalan olmaz da. Yüz faiz FTX, “Mossad” və ya MI6 buna gizli məlumatları ötürüb.

Görünür bu keyfiyyət bizdə daha geniş vüsət alıb. 

Məsələn son günlər Naxçıvanda baş verən qanun pozuntuları, korrupsiya, dövlət vəsaitinin mənimsənilməsi hallarının üzə çıxması camaatda fantaziya üçün geniş mövzu olub. 

Taksi sürücüsündən tutmuş, salonda çalışan bərbərə qədər hamı bu hadisələrin qaynar müzakirəsində iştirak etməyi sanki özünə borc bilir. Ən ağlagəlməz fikirlər, iddialar səslənir ki, bu hal məni çox məyus edir. Bu boyda geniş fantaziyaya malik olan insanlar hər gün qalaq-qalaq ssenari satmalıdır Hollivuda, dəbdə olan “Neflix”ə. Heyif, bu boyda istedad itib-batır. 

Sual verəndə ki, ay bacı, ay qardaş, Naxçıvanda da korrupsiya var və dövlət də buna qarşı mübarizə aparır, adam pulla aldığı texnikum diplomuna əlini qoyub and içir ki, “sən bilmirsən, elə deyil”.  

Əslində isə çox adi, bəzən isə həddindən artıq sadə hadisələr baş verir. Qanun pozuntusu müəyyən olunub və günahkar şəxslər də həbs olunublar. DTX üçün isə məkanın və zamanın heç bir fərqi yoxdur. İstər Bakıda yerləşən hər hansı nazirlik olsun, istərsə də Naxçıvanda yerləşən hər hansı bir dövlət qurumu. Hamısı Azərbaycandır da. 

İndi keçək əsas məsələyə. Naxçıvana gətirilən mallarda külli miqdarda gömrükdən yayınma halları müəyyən olunub. Kökünü axtarıblar məlum olub ki, rəqəmlərdə əməlli başlı fərq var. Birini yazıblar, onunu yazmayıblar. İndi bu məsələyə hansı tərəfdən baxsan, ha Bakıdan, ha Naxçıvandan bu işin bir adı var, oğurluq. 

Oğrunu da sirr deyil ki, həbs edərlər... 

Hər şey bu qədər sadə olduğu halda, “Kurtlar Vadisi” serialından ilhamlanan bəzi vətəndaşlarımız hələ də baş verənlərə don geyindirirlər. Açığı bu dəfə don heç bir halda baş verən hadisənin əyninə olmadı. Ha dartdılar, ha uzatdılar, başından keçmədi ki, keçmədi. Nə olar ki, bir dəfə kişi kimi deyin ki, hə, bunun adı oğurluqdur və bu əməli törədən kəs də layiq olduğu cəzanı almalıdır, vəssalam.  

Başqa bir məsələ də var ki, hər il Naxçıvana dövlət büdcəsindən 500 milyon manat dotasiya verilir. Naxçıvan isə öz gəlirini 180 milyon manat göstərir. Amma Naxçıvan Gömrük Komitəsinin ancaq bir şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu 132 milyon manat dövlət vəsaitini mənimsəyib. 

Naxçıvanın ümumi gəlirindən bir azca zəif. İndi bunu tək edib, ya qrup şəklində, o artıq məhkəmənin və digər hüquq-mühafizə orqanlarının işidir ki, müəyyən etsinlər məsələni. 

Bu rəqəmi görəndə sual yaranır, adi bir şöbənin rəisi bu cür yeyinti üzrə super peşəkardırsa, gör daha üst səviyyədə nələr baş verir? Ən azından adamda şübhə yaranır.

Yenə də Allah DTX-yə kömək olsun. 

Naxçıvan bu gün düşmənə göz dağıdır. Onun qurulması, qorunması, tikilməsi, tarixi abidələrin bərpa olunması birbaşa Prezident İlham Əliyevin siyasətidir. Cənab Prezident hər zaman Naxçıvanın daha da güclü, iqtisadi baxımdan dayanıqlı olmasını, Naxçıvan əhalisinin Rahat şəraitdə yaşamasını diqqətdə saxlayıb. Bu illər ərzində Naxçıvanda məktəblər, xəstəxanalar, parklar və s. quruculuq işləri məhz Prezidentin tapşırığı və dəstəyi sayəsində həyata keçirilib. 

Təbii ki, əgər ölkə başçısı Naxçıvanın bərqərar olması üçün lazımı vəsait ayırırsa və daha sonra müəyyən olunur ki, bu vəsait Naxçıvan və naxçıvanlıların həyat şəraitinin yaxşılaşması üçün deyil, şəxsi mənafelər və mənimsəmə üçün xərclənib, bunun cəzası da qanunun ən sərt tərəfi ilə müəyyən olunmalıdır. Dövlətin bu məsələdə heç kimə güzəştə getməyəcəyi də bəllidir. 

Zarafat deyil, hər il 500 milyon manat dotasiya, üstəlik bu və ya digər formada dəstək. 

Mənə gəlincə hər kəs üstünə düşdüyü vəzifəni vicdanla icra eləsə, İsveçi də keçərik, Finlandiyanı da. Bunun üçün bir az əlimizi, bir az ağlımızı, bir az da vicdanımızı yaxşı tərəfə dəyişsək düzələr.

0.40921497344971