Yevlaxda həkimi qətlə yetirməkdə şübhəli bilinən şəxslər saxlanılıblar - YENİLƏNİB + FOTO/VİDEO

Prokurorluq və polis əməkdaşları tərəfindən Yevlax rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin isti izlərlə açılması təmin edilib.

Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib.

Belə ki, yanvarın 10-u saat 22 radələrində Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri 1958-ci il təvəllüdlü Bəyaz Cabbarovun yaşadığı ünvanda öldürülməsi barədə məlumat daxil olub.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aparılan birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb edilib.

10:48, 11 yanvar

Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarovun dünən axşam saatlarında bıçaqlanması barədə yeni detallar məlum olub.

Xeber-ps.com-ın əldə etdiyi məlumatına görə, B.Cabbarov gəlini ilə birlikdə mənzildə olan zaman qətlə yetirilib. 

Hadisəni törədən naməlum şəxs (şəxslər) tərəfindən mənzilə daxil olmadan əvvəl elektrik enerjisi kəsilib.

Daha sonra evin birinci mərtəbəsində həkimə 21 bıçaq zərbəsi vurulub. 

Hadisə yerinə təcili tibbi yardım maşını çağırılıb və həkim briqadası əraziyə yollanıb. B.Cabbarov Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Hadisə baş verən zaman onun oğlu evdə olmayıb. İlkin ehtimala görə, hadisə qisas xarakterli olub.

Hadisə baş verən zaman evdən pul və ya zinət əşyaları oğurlanmayıb.

Həkimin evinə gələn şəxs (şəxslərin) yaxınlıqda yerləşən mənzilin müşahidə kamerasına düşdüyü qeyd edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə Regional Qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı Xeber-ps.com-a açıqlamasında bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır:

“Hadisəni törədən şəxs və şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir”.

Qeyd edək ki, B.Cabbarov 1958-ci ildə Yevlax rayonunun Qaraoğlan kəndində anadan olub. 1976-1982-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 1983-cü ildən etibarən Yevlax rayonunda yerləşən vərəm əleyhinə dispanserdə həkim, 2000-ci ildən həmin müəssisədə baş həkim vəzifəsində fəaliyyət göstərib. 2017-ci ildən bu günədək Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri işləyib.

İlhamə Əbülfət

0.35489988327026