Fuad Əliyev: O fikirləşdi ki, Rusiya vətəndaşlığından çıxsa, onda öz var-dövlətini qoruya bilər

Xankəndidəki separatçı rejimin “dövlət naziri” Ruben Vardanyana qarşı bir neçə müxalifət formalaşıb. Bu barədə “Hraparak” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. “Müxalif qrupların öz motivləri var. Onların bəziləri Ermənistan səlahiyyətliləri tərəfindən idarə olunur və maliyyələşdirilir. Onlar Paşinyanın hakimiyyətinə təhlükə yarada biləcək Vardanyanın Xankəndidən İrəvana köçməsinin qarşısını almaq üçün hər şeyi edəcəklər”, - mənbə bildirib.

Qeyd olunub ki, Vardanyandan narazıların daha bir qrupu dövlət aparatının keçmiş nümayəndələridir: “Ruben Vardanyan onların hamısının "işlərinin" öyrənilməsini tapşırıb və cinayət işlərinin əsasını təşkil edə biləcək çoxlu ifşalar əldə edilib. Ona qarşı çıxanların digər qrupu isə müxtəlif təşkilatları təmsil edənlər və Vardanyanın gəlişi ilə işini, gəlirini itirəcək olanlardır".

Bu versiya kifayət qədər inandırıcıdır. Çünki hələ əvvəldən də deyilirdi ki, Vardanyanın Xankəndinə yerləşməsi müvəqqətidir, onu Rusiya Ermənistanda Nikol Paşinyanın yerinə hazırlayır. Xankəndidə “reytinq” yığmaq üçün gələn Vardanyan isə burada gözləmədiyi tələyə düşdü və Laçın yolunda aksiyanın başlaması ilə milyarderin olub-qalan nüfuzu yerlə bir oldu. İndi də Bakının tələbi ilə Vardanyanın Xankəndidən çıxmasını əngəlləyirlər ki, Ermənistana gəlib orada müxalifətin lideri olmasın.

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP)dri Fuad Əliyev indiyə qədər deyilənlərin tam əksini düşünür. Onun sözlərinə görə, Putin heç də Vardanyanı dəstəkləmir: 

“Hesab edirəm ki, Vardanyan aldanıb. O fikirləşdi ki, Rusiya vətəndaşlığından çıxsa, onda öz var-dövlətini qoruya bilər, adı sanksiya siyahılarına düşməyəcək. Vardanyan düşünürdü ki, Xankəndidə rahat oturacaq, Qızılbulaq qızıl yatağını və Dəmirli mis-molibden yatağını istədiyi kimi istismar edəcək. Qalib kimi Ermənistana gəlib hakimiyyəti götürəcək.  Azərbaycanlı ekoloqların dinc aksiyası bunun istəyini darmadağın etdi. İndi Vardanyan çıxış yolu axtarır. Deməzdim ki, rəsmi Moskva onu Xankəndinə göndərib, sonra da Ermənistanda hakimiyyətə gətirəcək. Bu, Rusiya siyasi elitasında bəzi ermənipərəst qüvvələrin istəyi ola bilər. İnanmıram ki, bu Putinin "planıdır". Vardanyan indi Putindən dəstək almaq istəyir. Bu da alınmır. Onun Qərbdən də dəstəyi yoxdur. Vardanyanın reytinqi çox azdır. Baxın, Xankəndidə mitinqə adamları hətta pulnan belə yığa bilmir. İnanmıram ki, belə bir vəziyyətdə Vardanyan nə Xankəndidə, nə də ki, Ermənistanda lider ola bilər".

/Yeni Müsavat/

0.35177493095398