Azərbaycanda ötən il 7 min fermer təlimə cəlb olunub

2022-ci ildə Azərbaycanda 7 min fermeri əhatə edən 487 təlim formatlı tədbir keçirilib.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Kənd Təsərrüfatı Nazirliyinin birgə fəaliyyəti çərçivəsində Bakıda keçirilən Azərbaycanda Aqrar Məsləhət Xidmətləri üzrə Milli Forumda nazirliyin Aqrar Xidmətlər Agentliyinin sədr müavini Anar Əzimov bildirib.

“Ölkədə həyata keçirilən geniş informasiya kampaniyası - fermerlərin məlumatlandırılması, bilik və bacarıqlarının artırılması daha keyfiyyətli məhsulların istehsalına səbəb olur. Dövlət-özəl tərəfdaşlığı, özəl şirkətlərin və beynəlxalq qurumların bu prosesdə iştirakı çox əhəmiyyətlidir. Müxtəlif iştirakçılar arasında koordinasiyanın olması çox vacibdir və Aqrar Xidmətlər Agentliyi bunu təmin edir. İnformasiya-məsləhət xidmətinin gələcəyi qlobal çağırışlara necə cavab verməyindən asılıdır. Bütün informasiya məsləhət xidməti verən tərəflər özlərini problemlərin həllinə yönəltməlidirlər. Hər hansı ehtiyaclara uyğun məlumatların təmin edilməsi yanaşması vacib məqamdır”, - deyə o qeyd edib.

Bugünkü forum FAO-nun təşkilati və Aİ-nın maliyyə dəstəyi ilə həyata keçirilən “Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi” layihəsinin yekunlarına həsr olunub. Layihə çərçivəsində Azərbaycanda aqrar məsləhət xidmətlərinin gücləndirilməsi üzrə dövlət siyasətinə dəstək, beşillik strategiya, pilot seçilmiş Quba-Xaçmaz və Gəncə-Qazax regionları üzrə üçillik proqramlar, hüquqi bazanın yaradılması, regionların aqrar xəritələşməsi və digər sahələr üzrə fəaliyyət həyata keçirib. Bununla yanaşı, yeni aqrar məsləhət xidməti modeli çərçivəsində bu xidməti əlçatan edən əmtəə əsaslı məsləhət platformaları təşkil olunub. Layihə çərçivəsində Aqrar Təlim Mərkəzinin və Regional Təlim Mərkəzlərinin əməkdaşlarına təlimlər keçirilib, fermerlərə məsləhət xidmətləri göstərilib, onlar müasir avadanlıq və suvarma sistemləri ilə təmin olunublar.

0.40746402740479