“Azərbaycan İnvestisiya Şirkəti”nin nizamnamə kapitalı 20%-ə yaxın artırılıb

İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin nizamnamə kapitalı 43 milyon manat və yaxud 19,2% artırılaraq 224 milyon manatdan 267 milyon manata çatdırılıb.

Bu barədə “Report”a şirkətdəki mənbə bildirib.

Onun sözlərinə görə, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 100 manat olan 430 min ədəd yeni səhm buraxılıb.

Xatırladaq ki, Prezident İlham Əliyev ötən il noyabrın 17-də “2022-ci il dövlət büdcəsi haqqında” 3 dekabr 2021-ci il tarixli qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” 23 dekabr 2021-ci il tarixli fərmanında dəyişiklik edib. Dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmana əsasən, ötən ilin dövlət büdcəsində İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fonduna ayrılmış 163 milyon manat vəsaitin 43 milyon manatı “Azərbaycan İnvestisiya Şirkəti”nin nizamnamə kapitalının artırılmasına ayrılıb.

0.39959502220154