“Dünya xalqımıza qarşı törədilmiş haqsızlıqları qəbul etməlidir” - RƏY + FOTO

“Dünya xalqımıza qarşı törədilmiş haqsızlıqları qəbul etməlidir”.

Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

O xatırladıb ki, 26 mart 1998-ci ildən etibarən ulu öndər Heydər Əliyevin sərəncamı ilə hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur:

“Bu tarixin əbədiləşdirilməsi soyqırımına məruz qalan xalqımızın qan yaddaşı ilə yanaşı, ermənilərin azərbaycanlılara qarşı törətdikləri tarixi cinayətlərin beynəlxalq ictimaiyyətin diqqəti baxımından aktuallaşdırılmasında əlahiddə rolu oldu”.

Deputat hesab edir ki, Vətən müharibəsinin qalibi olmuş dövlətimizdə gəncliyin vətənpərvər ruhda formalaşmasında sözügedən sərəncamın əhəmiyyəti böyükdür:

“Sərəncamın imzalandığı tarixdən Vətən müharibəsinədək 22, indiyədək isə 25 il keçib. İndi biz bu sənədin və tarixi günün təsis edilməsinin müasir Azərbaycanın müstəqil dövlət kimi bərqərar olması və möhkəmlənməsində hansı rolu oynadığını görürük. Açığını deyək, qələbəmizin vuran gücü olan gənclərimizin milli ruhda qisas hissi ilə tərbiyə olunmasında bu tarixi sənədin böyük önəmi var”.

E.Allahverdiyevin fikrincə, qalib Azərbaycan gəncliyi “tarixini bilməyən gələcəyini qura bilməz” tezisinin reallıqdakı isbatıdır.

“31 mart soyqırımı günü 1918-ci ilin 30 martla 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrin azərbaycanlılara qarşı törətdikləri qırğınların qurbanlarının xatirəsini əbədiləşdirir. Ancaq ulu öndər bu günün təsis edilməsinin təşəbbüskarı olaraq azərbaycanlılara qarşı müxtəlif illərdə, xüsusilə də son yüz ildə baş vermiş terrorun yaddaşımıza hopmasının əsasını qoydu. Söhbət həmçinin ötən əsrin ortalarında soydaşlarımızın indiki Ermənistandakı tarixi torpaqlarından qovulmasından tutmuş 90-cı illərdə bizə qarşı həyata keçirilmiş erməni terrorundan da gedir. Yəni ermənilər tərəfindən azərbaycanlıların soyqırımı uzun dövrü əhatə edir”, - deyə millət vəkili bildirib.

Deputat hesab edir ki, ümummilli liderdən sonra Prezident İlham Əliyevin bu siyasəti davam etdirməsi bütöv bir nəslin bu ruhda böyüməsinə şərait yaradıb:

“Quba Soyqırımı Memorial Kompleksin tikintisi Prezidentin təşəbbüsü ilə həyata keçirilib. Xocalı qurbanlarının xatirəsini əks etdirən abidəyə doğru yürüş XX əsrin ən qəddar və qanlı əməlindən bütün dünyanın xəbərdar olmasına hesablanıb. Müxtəlif dövlətlərin qanunverici orqanları tərəfindən Xocalı soyqırımının tanınması istiqamətində təsirli addımlar atılır. Vətən müharibəsindən sonra Prezident demək olar hər çıxışında gəncləri xalqımızın başına gətirilən qanlı olayları unutmamağa çağırır”.

Onun sözlərinə görə, 26 mart 1998-ci il tarixli Sərəncamın əsas məqsədi tariximizin əbədiləşdirilməsi ilə yanaşı, xalqımızın qarşısına qoyulmuş hədəfləri də ehtiva edir:

“Biz döyüş meydanında son iki əsrin qisasını aldıq, xalqımızın şərəfli adını dünyaya sübut etdik. Bu sərəncam eyni zamanda qarşımıza siyasi, hüquqi, diplomatik hədəflər qoyur. Dünya xalqımıza qarşı törədilmiş haqsızlıqları bu müstəvilərdə də qəbul etməlidir”.

0.34837603569031