Tarixçi: “Türkiyə ərazisində erməni dövlətinin qurulması ilə bağlı Leninin göstərişi vardı” - FOTO

“Azərbaycanlılara qarşı törətdikləri 31 Mart soyqırımının həyata keçirilməsində “Böyük Ermənistan” yaratmaq xülyasında olan ermənilər əsas rol oynayırdılarsa, bu böyük oyunun bilavasitə başında o dövrün sovet imperiyası dayanırdı”.

Bu fikirləri Xeber-ps.com-a açıqlamasında tarix üzrə elmlər doktoru Vaqif Abışov 31 Mart soyqırımı ilə bağlı tarixi faktları danışarkən deyib.

Xatırladaq ki, Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Sözügedən fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.

Vaqif Abışovun sözlərinə görə, 1918-ci ildə baş vermiş hadisələr Azərbaycan tarixi üçün çox böyük bir faciədir:

“31 Mart soyqırımı ilə bağlı hər il ənənəvi tədbirlər keçirilir. Azərbaycan tarixi üçün çox böyük bir faciədir. 1905-1907-ci illər erməni-müsəlman davasında, Birinci Dünya müharibəsi və sonrakı mərhələdə buna bənzər belə qırğınlar olmamışdı. Həmin dövrdə tək Bakıda yox, Cənubi Qafqaz coğrafiyasında böyük çaxnaşmalar baş verirdi. Sovet hakimiyyəti Bakıda bərqərar olmaq üçün Stepan Şaumyandan istifadə edib. Şaumyan isə Rusiyanın göstərişlərini həyata keçirmək, eləcə də “Böyük Ermənistan” dövlətini yaratmaq niyyətini reallaşdırmaq üçün bütün qüvvəsi ilə çalışırdı. Tarixi sənədlərdən aydın olur ki, Şaumyan Rusiyadan həm silah, həm də canlı hərbi qüvvə ilə dəstək alırdı. Bir tərəfdən, deyirdilər ki, sovet hakimiyyətini qururuq, digər bir tərəfdən də ermənilərin çirkin niyyətlərini həyata keçirməyə dəstək olurdular.

1918-ci ildə Rusiya İmperiyasında böyük vətəndaş müharibəsi gedirdi, Birinci Dünya müharibəsi də başa çatmamışdı. Bu da çaxnaşma yaradırdı. Ermənilər üçün fürsətə çevrilmişdi”.

Tarixçi qeyd edib ki, türk-müsəlman əhalisinin 1918-ci ildə daha çox qırğına məruz qalmasının ən əsas səbəbi məhz ermənilərin həmin dövrdə mütəşəkkil silahlı qüvvəyə malik olmaları idi:

“1918-ci ilin martında Bakı, Gəncə, İrəvan quberniyası ərazisində çox böyük qətliamlar törədilmişdi. Xain ermənilərin niyyəti “Böyük Ermənistan” yaratmaq idi. Tək Cənubi Qafqaz, Azərbaycan deyil, Cənubi Azərbaycan da bu soyqırımının şahidi oldu. Urmu, Xoy, Maku, Təbriz yaxınlığındakı ərazilərdə də azərbaycanlılar ermənilərin kütləvi soyqırımına məruz qaldılar. Urmuda 10 mindən çox türk-müsəlman əhalisinə qarşı qırğın törədildi”.

Bakı quberniyası ilə yanaşı, ölkəmizin digər bölgələrində də ermənilər tərəfindən həyata keçirilən qırğınlardan danışan tarixçi deyir ki, sovet imperiyası tərəfindən qurulan plan bütün ölkə üzrə eyni ssenari əsasında həyata keçirilirdi:

“Bu zaman ermənilərin əsas məqsədi qırğınları törətməklə bu ərazilərdə müsəlman əhalini tamamilə yox etmək, buranın tarixini silməklə öz dövlətlərini yaratmaq idi. Hətta Türkiyə ərazisində erməni dövlətinin qurulması ilə bağlı Leninin imzası ilə göstəriş də verilmişdi.

Bakı quberniyası üzrə 1918-ci ilin mart-sentyabr aylarında 50 min, Bakıda 12 min, Şamaxıda səkkiz min, Qubada 16 min, Gəncə quberniyasının Zəngəzur qəzasında 115 kənd dağıdılmışdı”.

Tarixçi bu gün Azərbaycan dövlətinin əlində tutarlı faktların olduğunu əlavə edib:

“Ermənilərin törətdikləri bu qırğınlar daim beynəlxalq ictimaiyyətə çatdırılmalıdır. Bunlarla bağlı sənədlər, faktlar var. İnsanlara işgəncə verib, əmlaklarını mənimsəyiblər. Üstündən yüz il keçsə də, eyni ssenarilərin şahidi oluruq”.

Qeyd edək ki, 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Azərbaycanlıların soyqırımı Bakı ilə yanaşı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilib. Bu ərazilərdə onminlərlə azərbaycanlı qətlə yetirilib, öz torpaqlarından qovulub, şəhər və kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılıb, məhv edilib. Azərbaycanlılarla yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış da bu soyqırımının qurbanı olub.

1998-ci ildən etibarən ölkəmizdə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. 2018-ci ilin yanvar ayının 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” xüsusi Sərəncam imzalanıb.

Nəzrin Vahid

0.395259141922