“Şuşa və Laçın AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində işğal olunmuşdu” - RƏY + FOTO

“Şuşa və Laçın AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində işğal olunmuşdu”.

Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, 30 il öncə Azərbaycan və türk dünyası torpaqlarımızın işğalı xəbərindən dərindən sarsılırdı:

“Təbii ki, bu işğalda xarici faktorla yanaşı, daxili faktor da öz mənfi rolunu oynayırdı. Ancaq 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu tarix yazdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz düşməni darmadağın edərək, torpaqlarımızı işğaldan azad etdi. Bu qələbə təkcə Azərbaycan deyil, ümumilikdə türk dünyası tərəfindən də qürurla qarşılandı”.

Deputat xatırladıb ki, Vətən müharibəsi zamanı minlərlə igid övladlarımızın qanı-canı bahasına işğaldan azad edilmiş torpaqlar ötən əsrin doxsanıncı illərinin əvvəllərində məhz indiki radikal müxalifət təmsilçilərinin hakimiyyət hərisliyinin qurbanına çevrilmişdi:

“Məhz Şuşa şəhərinin, ardından isə Laçın rayonunun ermənilər tərəfindən işğal olunmasına şərait yaradan AXC-Müsavat cütlüyü bundan tramplin kimi istifadə edərək silahlı çevriliş nəticəsində hakimiyyəti qəsb etmişdi”.

V.İskəndərov vurğulayıb ki, məhz AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa və Laçın işğal altına düşmüşdü:

“AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə ölkə faktiki olaraq idarə olunmaz vəziyyətə düşmüşdü. Azərbaycanda xaos, anarxiya, özbaşınalıq, hərc-mərclik, talançılıq hökm sürürdü. Prezident İlham Əliyev martın 28-də Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən bəyan edib ki, Şuşanın, ondan sonra Laçının işğal altına düşməsi Azərbaycanda çox ciddi siyasi böhrana səbəb olmuşdu. Dövlət başçısının da qeyd etdiyi kimi, Şuşanın işğalından bir neçə gün sonra Laçın rayonu da işğal edilmişdi. Bu, ölkəmiz, laçınlılar üçün böyük faciə idi və AXC-Müsavat xəyanətkar cütlüyünün növbəti çirkin xəyanəti idi. Yuxarıda da vurğuladığım kimi həmin vaxt AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışırdı və torpaqların Ermənistana verilməsi, satılması faktiki olaraq onların bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi. Təsadüfi deyil ki, AXC-Müsavat xəyanətkar cütlüyü məhz Laçın işğal olunandan bir ay sonra hakimiyyəti qanunsuz yollarla zəbt etdi. Bu isə daha böyük faciələrə yol açdı. Lakin, bu da son olmadı. Cəmi bir il keçməmiş - 1993-cü ilin aprelində Kəlbəcər rayonu işğal altına düşdü və beləliklə, ovaxtkı - keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi ilə Ermənistan arasında coğrafi bağlantı da yaradıldı”.

0.40706896781921