Xəzər Teyyublu: Məsuliyyətsiz məmurların laqeydliyi, vətəndaşın haqqını tanımaması...

“Müstəqil Həmkarlar Birliyinə hər gün 10-larla şikayət daxil olur. Həddən çox ikrah yaradan məsələlər var. Görünən odur ki, ən sadə məsələlər belə aidiyyatı strukturlar tərəfindən həll oluna bilmir. Vətəndaş öz haqqını qorumaq üçün niyə Həmkarlar İttifaqı Konfederasiyasına müraciət etmir? Niyə Həmkarlar İttifaqı Konfederasiyasının qapısı sosial problemləri olan vətəndaşlar üçün bağlıdır? Vətəndaşın ilk növbədə əmək, pensiya, sosial müavinət, tibbi, mədəni haqlarını qorumağa borclu olan Həmkarlar İttifaqı Konfederasiyası hara baxır?...”

 

Bunu Versus.az-a Müstəqil Həmkarlar Birliyinin sədr müavini Xəzər Teyyublu təşkilata daxil olan çoxsaylı şikayət ərizələrinin məzmunu və Həmkarlar İttifaqı Konfederasiyasının öz vətəndaşına sərgilədiyi münasibətlə bağlı açıqlamasında bildirib. Onun sözlərinə görə, şikayətlərə əsasən əksər məsələlərin həlli sadə və mümkün görünsə də, həll olunmur. Məsuliyyətsiz məmurların laqeydliyi, vətəndaşın haqqını tanımaması, vətəndaşın idarələrdə get-gələ salınıb incidilməsi vətəndaş və icraedici dövlət strukturları arasında gərginliyi meydana çıxarır.

Xəzər Teyyublu məsələyə vətəndaşların şikayətləri, faktlar əsnasında toxunub. O, diqqəti Bakı şəhərindən olan müəllim Abdullayeva Fərqanə Akif qızının şikayət məktubuna yönəldib. Bildirib ki, Fərqanə Abdullayeva 27 ildir müəllimə işləyir və Mənzil İnkişafı Dövlət Agentliyinə (MİDA) müraciət edərək ipoteka ilə sosial evlərdə növbəyə durmaq istəyib. Dövlət Agentliyi onun əmək kitabçasına baxıb və orada “ixtisas olaraq müəllimlik göstərilməyib” bəhanəsi ilə imtina edib. Hansı ki, Səbail rayonu 72 saylı məktəbin direktoru F.Abdullayevanın Kimya müəllimi olaraq məktəbdə çalışması haqqında arayış verib.

 

X.Teyyublu MİDA-nın bu cür saxta bəhanələrlə vətəndaşın probleminin həllindən boyun qaçırmasını haqsızlıq hesab edir və aidiyyatı orqanları bu məsələdə vətəndaşın yanlnda olmağa çaırıb.

 

X.Teyyublu bildirib ki, Həmkarlar İttifaqı Konfederasiyası vətəndaşın - müəllimin bu probleminə laqeyd qaldığndan, həmin şəxs çarəsiz qalaraq Müstəqil Həmkarlar Birliyinə müraciət edib və probleminin həll olunmasını xahi edib. Onun sözlərinə görə, artıq Həmkarlar Birliyi sözügedən müəllimənin işi ilə bağlı Dövlət Agentliyinə, eləcə də  Təhsil Nazirliyinə müraciət edib, cavab gözləyir.

 

X.Teyyublunun fikrincə, sanki vətəndaşlarımız əmək, sosial hüquqlarını müdafiə etməli olan Həmkarlar İttifaqı Konfederasiyası adlı bir təşkilatdan xəbərsizdir. Əgər xəbərsizdirlərsə, bunun günahı elə Həmkarlar Konfederasiyasının sosial ictimaiyyətin, əməkçilərin probleminə biganə yanaşması ilə bağlıdır:

 

“Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası niyə əməkçinin, vətəndaşın dərdi ilə maraqlanmır, hara baxır?.. Bu günlər Müstəqil Həmkarlar Birliyinə mürciət edən 75 yaşlı Şükufə Abdullayevanın problemi ilə maraqlandıq, ağlasığmazdır. Qadının qeydiyyatı ləğv olunub və buna görə də pensiya ala bilmir, bir vətəndaş kimi dövlətin ona tanıdığı heç bir sosial müdafiədən istifadə edə bilmir. Qadın nə pensiya alır, nə də tibbi müayinə, müalicə vasitələrindən yararlana bilmir. O vətəndaşın haqqı necə qorunmalıdır?”

 

X.Teyyublu bildirib ki, Müstəqil Həmkarlar Birliyi bu barədə Daxili İşlər Nazirliyinə müraciət edərək, yaşlı qadının qeydiyyatının təmin olunması, bütün sosial, tibbi, mədəni haqlarının bərpa olunması üçün əməli işlər görülməsini xahiş edib:

 

“Başqa bir şikayət ərizəsi Cəlilabad rayonundan daxil olub. Qadın şikayət edir ki, 3 uşağı var, böyrəyinin biri yoxdur. Vətəndaş ildə bir dəfə tibbi müayinədən keçməlidir. Amma bu adam nə tibbi sığortadan istifadə edə bilir, nə də əlillik dərəcəsi ala bilmir. Vətəndaş şikayət edir, amma onun sosial müdafiəsinə dair kömk edən yoxdur”.

 

X.Teyyublu bu cür çoxsaylı müraciətlərə istinad edərək, aidiyyatı orqanları, o cümlədən Həmkarlar İttifaqı Konfederasiyasını öz işində məsuliyyətli olmağa çağırıb.

 

P.S. Məsələ ilə bağlı Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının mövqeyini öyrənməyə hazırıq. Maraqlıdır, Həmkarlar İttifaqı Konfederasiyasına belə şikaytlər daxil olurmu və necə həllini tapır?

0.35235404968262