Bu sənədi imzalamaq çox vacib idi-Partiya sədri

Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiyanın Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanatı olduqca mühüm əhəmiyyət daşıyır. Xatırladaq ki, sözügedən sənəddə Azərbaycanda fəaliyyət göstərən və bu bəyanatı imzalayan siyasi partiyaların Ali Baş Komandan, Prezident İlham Əliyevin vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəklədiyi və onun yanında olduğu bildirilir. Lakin təəssüfləndirici haldır ki, AXCP və Müsavat Partiyası 50 siyasi partiya tərəfindən imzalanan bu bəyanata qoşulmamaqla növbəti dəfə milli həmrəylik nümayiş etdirə bilmədi. Beləliklə, Vətən müharibəsinə etinasız qalan radikalların Ali Baş Komandanın bu sahədə həyata keçirdiyi siyasəti dəstəkləməmələri onların səmimi olmadıqlarını və əsl simalarını göstərir. Bu eyni zamanda siyasi dialoq çağırışlarına cavab verməyən AXCP və “Müsavat”ın “beşinci kolon”u təmsil etməsinin növbəti əyani təzahürüdür.

“Yeni Azərbaycan” qəzetinə məsələ ilə bağlı fikirlərini bölüşən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib ki, 50 siyasi partiya tərəfindən imzalanmış birgə bəyanat vacib bir sənəddir. Partiya sədri vurğulayıb ki, bu gün Vətən uğrunda gedən savaşda düşmənə qarşı birlikdə olmaq hər bir siyasi partiyanın və vətəndaşın borcudur. Ali Baş Komandan İlham Əliyevin qəti iradə nümayiş etdirdiyini və ordumuz tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi uğrunda əks-həmlə əməliyyatlarına start verildiyini bildirən F.Əliyev məhz belə bir məqamda siyasi təşkilatların həmrəylik nümayiş etdirməsinin Azərbaycan əsgərinə əlavə ruh verdiyini deyib:

“Bu milli həmrəyliyin möhkəmlənməsində ölkəmizdə yeni yaranmış siyasi konfiqurasiyanın böyük əhəmiyyəti var. Bütün dünya gördü ki, ümummilli məsələlərdə mövqeyimiz dəyişməzdir”.


AXCP ilə Müsavat Partiyasının siyasi dialoqdan yayınması, siyasi partiyaların birgə bəyanatına imza atmaması məsələsinə də toxunan ALDP sədri deyib ki, bu partiyaların tutduqları yol nə cəmiyyətə, nə xalqa xeyir gətirmir.

 

“50 siyasi partiya iqtidarla ümummilli məsələlərdə vahid mövqedən, xalqın, dövlətin maraqlarından çıxış edib. Bu iki partiya isə son addımları ilə nə xalqı, nə də ölkəni fikirləşdiklərini, şəxsi maraqlarına üstünlük verdiklərini bir daha nümayiş etdirirlər. Əslində, AXCP ilə “Müsavat”ın illər boyu hansı xarici fondlardan maliyyələşdiyi bəlli idi. Onlar illərdir, bu fondlardan maliyyə alır və bu gün də həmin fondların sahiblərinin istəklərini həyata keçirirlər. Cəmiyyət də bunu görür, amma bu təşkilatlar öz yollarından çəkilmirlər”,- deyə F.Əliyev əlavə edib.

 

0.33489108085632