Münaqişənin Azərbaycanın şərtləri daxilində həllinə qəti addımlar atılmazsa, hərbi əməliyyatlar başlaya bilər

Moskvada 11 saat davam edən Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşünün yekun nəticəsi razılaşma protokolu ölkə başçımızın son çıxışının tələbləri ilə birmənalı olaraq uyğundur.

Bu sözləri Xeber-ps.com-a açıqlamasında politoloq Şəbnəm Həsənova Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Moskva görüşünü şərh edərkən deyib.

Ş.Həsənova hər şeydən əvvəl Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 15 iyul 2020-ci il tarixli iclasına diqqət çəkib:

“Ölkə başçısı iclas zamanı bildirmişdi: “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”.

Bu mövqeyini Cənab Prezident xalqa müraciətində bir daha səsləndirdi. Bugünədək aparılan siyasət, atılan addımlar, o cümlədən sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları dövlət başçısının bu fikirlərinin tam əsaslı olduğunu bir daha təsdiq edir. Cənab Prezidentin rəhbərliyi altında istər danışıqlar masasında, istərsə də hərb meydanında atılan hər bir düşünülmüş və dəqiq addım bizi əsas hədəfə daha da yaxınlaşdırır.

Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Moskva görüşünün ardınca verilən bəyanat və atəşkəsin elan olunması Azərbaycanın şərtləri nəzərə alınmaqla baş tutub. Çox aydındır ki, danışıqların 11 saat davam etməsi prosesin mürəkkəbliyindən, eyni zamanda gərgin bir şəraitdə aparılmasından xəbər verir. Bu dəfə birmənalı şəkildə şərtləri Azərbaycan tərəfi müəyyən etdi. İstər Ermənistan, istərsə də onun havadarları Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsinin qəbuledilməzliyini dərk etdilər. İlk baxışda asan görünə bilər, lakin nəzərə alsaq ki, bu danışıqlar müxtəlif dairələr tərəfindən Azərbaycana qarşı artan siyasi-diplomatik təzyiq şəraitində həyata keçirilir, deməli, cənab Prezident yüksək diplomatik məharət və siyasi iradə nümayiş etdirərək bütün təzyiqlərə sinə gəlir, onları neytrallaşdırır və yüz ölçüb, bir biçərək qərar alır. Eyni zamanda, onu da nəzərə almaq lazımdır ki, diplomatiyada hər hansı səhvə yol verilməsi hərbi üstünlüklərimizin də əldən çıxmasına səbəb ola bilər. Humanitar atəşkəsə Azərbaycanın birtərəfli qayda da yox deməsi Ermənistanın mövqeyini gücləndirmiş olardı”.

Politoloq Ermənistan tərəfinin bu hərbi əməliyyatlar zamanı böyük itkilərə məruz qalaraq heç zaman unuda bilməyəcəyi bir dərs aldığını və Azərbaycanın şərtlərini qəbul etmək məcburiyyətində qaldığını xüsusi vurğulayıb:

“Xarici İşlər nazirlərinin görüşü nəticəsində verilmiş bəyanatın 4-cü bəndi də (Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər) bunu təsdiqləyir. Belə ki, Ermənistan tərəfinin danışıqlar formatını dəyişmək və Dağlıq Qarabağdakı qondarma rejimin danışıqlar prosesində tərəf kimi çıxış etməsinə nail olmaq cəhdləri baş tutmadı və məcburi şəkildə Azərbaycanın şərtlərini qəbul edərək danışıqlar formatının dəyişilməzliyini təsdiq etdi.

Eyni zamanda, bu da açıq və aydın şəkildə bilinməlidir ki, hazırda elan olunmuş humanitar atəşkəs uzun müddət davam edə bilməz, yəni humanitar atəşkəs müvəqqəti xarakter daşıyır və münaqişənin Azərbaycanın qoyduğu şərtlər daxilində həlli ilə bağlı qəti addımlar atılmadığı halda hərbi əməliyyatlar yenidən başlaya bilər. Yəni, əgər bundan sonra Ermənistan yenə də öz siyasətini davam etdirəcəksə və işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmayacaqsa, onda hərbi əməliyyatların bərpa olunması an məsələsidir.

Moskva görüşü yalnız, məsləhət, fikir formatlıdır. Bu səbəbdən də, müharibənin və atəşin gedişinə təsir edə biləcək elə bir həlledici xarakter də daşımır. Belə ki, oktyabrın 9-da Rusiyanın vasitəçiliyi ilə elan olunmuş iki günlük atəşkəs humanitar xarakter daşıyır, hər iki tərəfə vəfat etmiş hərbçilərin cəsədlərini təhvil vermək imkanı yaradır. Bu, birinci mərhələdir. Hərbi müstəvidə əldə edilmiş nailiyyətlərin diplomatiya və siyasi müstəviyə daşınmasıdır.

Bütün bunları nəzərə alaraq, münaqişənin həllində vasitəçi olan ATƏT-in Minsk qrupu bilməlidir ki, mahiyyətli, konkret nəticəyə söykənən danışıqlar aparılmalı və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan plan hazırlanmalıdır. Çünki artıq təmas xətti deyilən anlayış yoxdur, bu cənab Prezident tərəfindən dəyişdirildi. Status-kvo da yoxdur, bu da Azərbaycan tərəfindən dəyişdirildi və münaqişənin hərbi həlli yoxdur tezisi də birdəfəlik darmadağın edildi. Bu gün Prezident İlham Əliyev qəti və məntiqli diplomatik gedişlərlə regionun geo-siyasi mənzərəsini dəyişir. Belə ki, Dağlıq Qarabağın inzibati ərazisinə daxil olan Hadrutun və ətraf kəndlərin azad edilməsinin böyük geo-siyasi əhəmiyyəti vardır.

Bütün bu faktları nəzərə alaraq vasitəçilər bilməlidirlər ki, bu, Ermənistana verilən son şans idi. Vasitəçilər qətiyyətli addım atmalı və Ermənistan qoşunlarının işğal altında olan Azərbaycan torpaqlarından çıxarılmasını təmin etməlidir. Əks halda hərbi əməliyyatlar yenidən başlaya bilər və bu dəfə isə Ermənistanı heç kim xilas edə bilməyəcək. Danışıqlar baza prinsiplərinə əsaslanmalı, BMT TŞ-nin qətnamələri və Helsinki yekun aktının tələbləri əsas götürülməli,  Ermənistan irəli sürülmüş tələbləri icra etməli, qoşunların işğal olunmuş ərazilərdən çıxarılması qrafikini təqdim etməlidir. Həmsədrlər də fəaliyyətini bu istiqamətdə qurmalıdırlar”.

Türkiyənin də məsələyə cavabının gecikmədiyini deyən Ş.Həsənova Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığına diqqət çəkib:

“Türkiyə XİN məlumat yaydı ki, C.Bayramov Moskvada keçirilən son görüş haqqında M.Çavuşoğluna məlumat verib. Çavuşoğlu da öz növbəsində vurğulayıb ki, Türkiyə yalnız Azərbaycanın verdiyi qərarları dəstəkləyir və dəstəkləyəcək. Deməli, Türkiyə tərəfinin də dəfələrlə qeyd etdiyi kimi Türkiyə istər savaş meydanında, istərsə də danışıqlar masasında Azərbaycanın yanındadır”.

“Bu gün ən mübariz və ən məğrur insan Ali Baş Komandanımızdır. O hər zaman, eləcə də Ermənistanın hərbi təxribatlarına qarşı başlanılan son əks-hücum əməliyyatlarının gedişində yenilməz siyasi iradə, əzm, qətiyyət, prinsipiallıq nümayiş etdirdi, düşmən ölkənin havadarları olan dövlətlər və böyük güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etdi.

Bir daha sübut olundu ki, Azərbaycanın milli maraqları Prezident İlham Əliyev üçün ən ali dəyərdir. Bütün dünya ağır zərbələr alaraq diz üstə çökdürülən Ermənistanın Baş nazirinin hərbi əməliyyatların dayandırılması üçün müraciət etmədiyi ünvan, döymədiyi qapı, yalvarmadığı lider qalmadığını gördüsə, eyni zamanda da Azərbaycan xalqının əzmini və ərazilərin işğaldan azad edilməsi üçün bütün xalqın Ali Baş Komandanın ətrafında səfərbər olduğunu gördü”, - deyə politoloq sonda qeyd edib.

Könül Cəfərli 

0.38291883468628