Azərbaycan QHT-lərinin beynəlxalq təşkilatlara Gəncənin bombalanması ilə bağlı MÜRACİƏTİ

Azərbaycan QHT-lərinin Gəncədə uşaq və qadınların Ermənistanın raket atəşi nəticəsində öldürülməsi ilə bağlı BMT-nin Baş katibi cənab Antoniyo Quttereş, AŞPA-nın prezidenti cənab Rik Daem, ATƏT PA-nın prezidenti cənab Georgi Sereteli, NATO-nun Baş katibi cənab Yens Stolkenberq, NATO PA-nın prezidenti cənab Atilla Mesterhazy, Avro İttifaqı Komissiyasının prezidenti xanım Ursula Van Der Leyen, Avropa Şurasının prezidneti cənab Şarl Mişel, Avropa Parlamentinin prezidenti cənab David Sastoli, UNİCEF-in icraçı direktoru xanım Henrietta Fore müraciət ünvanlayıb.

Müraciətdə bildirilir:

“Hörmətli Xanımlar və Cənablar,

Məlum olduğu kimi, 9 oktyabr 2020-ci ildə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəbbüsü ilə humanitar əsaslarla atəşkəsin elan olunması ilə bağlı Moskvada Rusiya Xarici İşlər naziri Sergey Lavrov, Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mansakanyan arasında üç tərəfli görüş keçirilib.

Təxminən 11 saat davam edən görüşdən sonra 4 bənddən ibarət razılıq əldə olunub:

2020-ci il oktyabrın 10-u saat 12:00-dan etibarən Beynəlxalq Qırmızı Xaç Komitəsinin meyarlarına uyğun və vasitəçiliyi ilə əsirlərin və digər saxlanılan şəxslərin və həlak olanların cəsədlərinin dəyişdirilməsi üçün humanitar əsasda atəşkəs elan olunur.
Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.
Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;

Tərəflər danışıqlar prosesinin formatının dəyişməz olduğunu təsdiq edirlər.

Ancaq təəssüflər olsun ki, Ermənistan tərəfi öz riyakar xislətinə və təcavüzkar mahiyyətinə uyğun olaraq imzalanan razılaşmanın bütün maddələrini kobud şəkildə pozaraq, atəşkəs haqqında razılaşmaya əməl etməyərək Azərbaycanın həm cəbhə boyu rayon və kəndlərini, həm də cəbhədən uzaq məsafədə yerləşən şəhərlərini ağır artilleriya və raket atəşinə tutmaqda davam edir.

Ən acınacaqlısı isə odur ki, oktyabrın 11-də saat 04:00 radələrində Azərbaycanın ikinci ən böyük və 500 mindən çox əhalisi olan, cəbhə xəttindən 80 km uzaqlıqda yerləşən Gəncə şəhəri Ermənistanın siyasi və hərbi rəhbərliyinin əmri ilə raket atəşinə tutuldu. Ermənistanın bu barbar və vəhşi hücumu nəticəsində 3 yaşayış binası dağılıb, 9-dan çox mülki şəxs həlak olub və 34-dən çoxu yaralanıb. Ölənlər arasında uşaq və qadınlar da var. Ermənistanın bu cinayəti dinc və günahsız azərbaycanlılara qarşı törədilən və Xocalıdan sonra növbəti soyqırım aktıdır. Ümumilikdə isə son 15 gündə Ermənistan tərəfindən 40 nəfər mülki şəxs öldürülüb, 230-dan çoxu isə yaralanıb.

Atəşkəsin elan olunmasından sonra Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı açıq hücum etməsi və onlarla insanı öldürməsi və yaralaması tarixdə görünməmiş bir alçaqlıq və cinayətdir. Bundan başqa Ermənistanın 10 oktyabr 2020-ci ildə imzalanmış Moskva razılaşmasının bütün bəndlərini kobud şəkildə pozması bir daha onu sübut etdi ki, işğalçı ölkə son 28 ildə olduğu kimi yenə də münaqişənin sülh və danışıqlar yolu ilə həll olunmasında qətiyyən maraqlı deyil.

Digər tərəfdən Ermənistanın Gəncəni raket atəşinə tutması həm də onu göstərir ki, işğalçı ölkə əvvəlki illərdə olduğu kimi yenə də dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələri, bəyanatları və çağırışları heçə sayır, bütün beynəlxalq konvensiyaları kobud şəkildə pozmaqda davam edir. Bunun isə tək səbəbi indiyə kimi Ermənistanın cəzasız qalması və işğalçı ölkəyə qarşı hər hansı bir beynəlxalq sanksiyanın tətbiq olunmamasıdır.

Biz, Azərbaycanda faəliyyət göstərən QHT-lər böyük narahatlıq hissi ilə sizə bir daha müraciət edir, atəşkəs rejimini riyakarcasına pozan və çoxlu sayda günahsız uşaq və qadını qətlə yetirən Ermənistana qarşı ciddi addımlar atmağa, təcavüzkarı durdurmağa çağırırıq.

Siz dünyada sülhün və təhlükəsizlyin, insan hüquq və azadlıqlarının qorunmasına, beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməsinə, mülki əhəlinin öldürülməsini qadağan edən beynəlxalq konvensiyaların yerinə yetirilməsinə məsul olan və buna nəzarət etməli olan beynəlxalq təşkilatlar olaraq Ermənistanın bütün dünya qarşısında bu qədər açıq və birmənalı şəkildə müharibə cinayəti törətməsinə laqeyd qala bilməzsiniz. Azərbaycana qarşı törədilən bu təcavüzə laqeyd qalmanız, sizin insani dəyərlərə, beynəlxalq hüquqa və beynəlxalq humanitar qanuna açıq hörmətsizliyiniz kimi qiymətləndiriləcək.

Ümid edirik ki, siz Ermənistanın insanlıq əleyhinə törətdiyi bu cinayəti qəti şəkildə pisləyəcək və işğalçı ölkənin cəzalandırılması üçün lazım olan bütün tədbirləri görəcəksiniz”.

0.33144903182983