Fuad Əliyev: Bəzi Qərb liderlərinin Azərbaycana münasibəti hər addımda özünü göstərir

Qərbin əsas hədəfi Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisinin nəticələrini bütün mümkün vasitələrlə gözdən salmaq, demokratiya pərdəsinə bürünərək təzyiqlər etməkdir. Onların seçkini qaralamaq cəhdləri baş tutacaqmı? Bəzi dövlət və hökumət başçılarının İlham Əliyevi təbrik etməməsinin bundan sonra Qərb-Azərbaycan münasibətlərinə mənfi təsirləri ola bilərmi?

Prezidentliyə namizəd olmuş Fuad Əliyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycanda kifayət qədər yaxşı seçki kampaniyası oldu və səsvermə günü də hər hansı ciddi insident, neqativ hal, kobud pozuntu olmadı. Fuad Əliyev hesab edir ki, seçkinin nəticələri ilə bağlı beynəlxalq reaksiyalar da göz qabağındadır: 

“İlham Əliyevin favorit olduğunu hamı qəbul edirdi. Beynəlxalq ictimaiyyət onun müharibədəki qələbəyə görə reytinqinin daha da yüksək olduğu reallığı ilə razılaşır. Mən namizəd olaraq cənab Prezidentə zəng edib, onu təbrik etdim. Bu, həmin Avropada qəbul edilmiş siyasi etiket qaydasıdır. Yəni hər bir siyasi lider alicənablığını nümayiş etdirməlidir

Fuad Əliyev deyir ki, bəzi Qərb liderlərinin Azərbaycana münasibəti hər addımda özünü göstərir: 

“Təkcə seçki deyil, Qarabağ məsələsi, separatizmə dəstək, Azərbaycanın etnik təmizləmədə ittiham olunması... İndi belə liderlərdən təbrik gözləməyə dəyərmi? Digər tərəfdən, siyahıya baxanda görmək olar ki, Avropadan kifayət qədər təbriklər olub. Onlar Avropa Birliyi ölkələridir - İtaliya, Britaniya, Almaniya, Macarıstan, Çexiya, Polşa, Bolqarıstan, Xorvatiya, Albaniya, Serbiya... O cəhətdən dövlət başçısı düzgün vurğulayıb ki, beynəlxalq ictimaiyyətin adından bir təşkilat, yaxud bir ölkənin prezidenti danışa bilməz. Misal üçün, Makron təbrik etməsə də, möcüzə baş vermir. Bu, bizi təəccübləndirə bilməz. Çünki Fransa Paşinyandan artıq ermənilik edir. Azərbaycanın Avropa İttifaqı ilə çox yaxşı əlaqələri var, bu kimi təsisatların da dəyərlərdən çox maraqlara üstünlük verdiyini görməkdəyik. Odur ki, biz öz siyasətimizi həyata keçirməli, milli maraqlar nəyi tələb edirsə, ona uyğun addımlarımızı atmalı, demokratiyamızı inkişaf etdirməli, islahatları sürətləndirməliyik”.

0.2997579574585