U-17 millimizin baş məşqçisi: “Bütün oyunlarda uduzmağımız təcrübəsizliklə bağlıdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bütün oyunlarda uduzmağımızın səbəbi fiziki durum və təcrübəsizliklə bağlıdır”.

Bunu “Report”a açıqlamasında 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlham Yadullayev Belarusun paytaxtı Minskdə təşkil olunan beynəlxalq turnir barədə danışarkən deyib.

Mütəxəssis təşkilatçılığın yaxşı olduğunu bildirib: “Bizim üçün böyük təcrübə idi. Uşaqlar belə yarışlara nə qədər çox qatılsalar, o qədər yaxşı inkişaf edərlər. Yığma yeni qurulub, ilk beynəlxalq turnirimiz idi. Fiziki durumdan bir az narazılığımız var. Belarus və Özbəkistanın U-18 milliləri burada çıxış edirdi. Buna baxmayaraq, uşaqlar istəkli idi və döyüşürdülər. Amma yenə vurğulamaq istəyirəm ki, fiziki durumları istədiyimiz səviyyədə deyil”.

Baş məşqçi səhvləri düzəltməyə çalışacaqlarını söyləyib: “Martın 8-də Avropa çempionatının seçmə mərhələsinin püşkü atılacaq. Bu turnir payızda start götürəcək. Rəqiblərimizi gözləyəcəyik. Bu il İnkişaf turnirində iştirak da planlaşdırılır”.

Qeyd edək ki, U-17 millimiz qrup mərhələsində Rusiyaya (0:1), Belarusa (0:2) və Özbəkistana (0:2) uduzub. Yığma 7-8-ci yerlər uğrunda matçda Tacikistana yenilərək yarışda sonuncu yeri tutub.

0.47024297714233