Ermənistan-Azərbaycan danışıqları “Qazaxıstan formatı”na keçəcəkmi? - İki fərqli baxış + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 15-də Ermənistana səfər edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakı ilə İrəvan arasında danışıqlar üçün öz platformasını təklif edib. Qazaxıstanın belə diplomatik danışıqlar aparmaq təcrübəsi var, elə Suriya üzrə Astana prosesini xatırlamaq kifayətdir.

Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşündə İrəvanın Bakı ilə sülh sazişi imzalamağa hazır olduğunu bildirib. Amma cəmi bir neçə gün əvvəl İrəvan Azərbaycanla hər hansı sülh sazişindən imtina edə biləcəyini istisna etmirdi. Məsələn, bunu parlamentin spikeri Alen Simonyan demişdi.

Qazaxıstandan olan ekspertlər Cənubi Qafqaz üçün Qazaxıstan platforması haqqında nə düşünür və Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması perspektivini nədə görürlər? Xeber-ps.com-ın bu suallarını qazaxıstanlı ictimai-siyasi xadim, Baytak Yaşıllar Partiyasının sədri Azamatxan Amirtay və qazaxıstanlı alim, politoloq Jaksılık Sabitov cavablandırıblar.

Azamatxan Amirtay:

- Qazaxıstan üçün bölgənizdə sülh vacibdir, buna görə də Prezident Kasım-Jomart Tokayev danışıqlar üçün Qazaxıstan platforması təklif edərək təşəbbüs göstərdi. Qazaxıstan prezidenti böyük diplomat, geosiyasətçi, ziyalıdır, onun Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla yaxşı şəxsi münasibətləri var. Ona görə də hesab edirəm ki, “Qazaxıstan formatı” Bakı ilə İrəvan arasında danışıqlar prosesini sürətləndirməklə əlavə təkan verə bilər.

Qeyd etmək istərdim ki, Astananın həm postsovet məkanındakı bütün ölkələrlə, həm də qlobal oyunçularla - Çin, Rusiya, Qərb dünyası ilə - münasibətləri yaxşıdır. Bu, “Qazaxıstan formatı”na əlavə dəstək verə bilər.

Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması perspektivlərinə gəlincə, onlar, şübhəsiz ki, mövcuddur. Amma Ermənistanda dövlət idarəçiliyinin xüsusiyyətlərini nəzərə almaq lazımdır. Ermənistan rəhbərliyi hakimiyyətə can atan müxalif qüvvələrə cavab verməyə məcburdur. Ona görə də nizamlanmanın ləngiməsi Ermənistanın daxilində demokratiya adı altında siyasi oyunların aparılması ilə bağlıdır.

Ancaq sülh sazişi ən düzgün həll yoludur. Xüsusən də geosiyasətdəki tektonik dəyişiklikləri - Ukrayna münaqişəsini, Yaxın Şərqdə İranla İsrail arasında birbaşa toqquşmaya gətirib çıxaran hadisələri və s. nəzərə alaraq, Qazaxıstan Azərbaycan və Ermənistanın yenidən mehriban qonşu olmasına kömək etmək istəyir.

Jaksılık Sabitov:

- Prezident Kasım-Jomart Tokayevin Qazaxıstanın Azərbaycan və Ermənistan arasında vasitəçi kimi çıxış edə bilməsi ilə bağlı təklifi, şübhəsiz ki, maraqlıdır. Amma mənə elə gəlir ki, bu fikir erməni tərəfində nikbinlik yaratmır. Ermənistanda türklərlə bağlı müəyyən fobiyalar var. Bəs burada türk ölkəsi olan Qazaxıstan danışıqlar yerinə çevrilə bilərmi? Düşünürəm ki, sonda İrəvan bununla razılaşmayacaq, bu ideyadan imtina etmək çox diplomatik olacaq.

Sülh sazişinin perspektivləri və İrəvanın onu imzalamaqdan imtina etməsi ehtimalı barədə danışmaq çətindir. Ermənistanın özündə də daxili siyasi vəziyyətdən çox şey asılıdır. Bəyanatları deyil, real siyasi addımları izləmək lazımdır.

Nair Əliyev

0.44259214401245