ABŞ Azərbaycana sanksiya tətbiq etməz - TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı üzvü, ölkədəki erməni lobbisinin fəal iştirakçısı Dina Titusun Azərbaycana qarşı sanksiya layihəsi ilə çıxış etdiyi bildirilir.

Titus özü ötən həftə Konqresdə qondarma erməni soyqırımının  anım mərasimindəki çıxışında “Azərbaycana sanksiyalara baxış aktı” sənədi barədə danışmışdı.

Sanksiyalara salınması təklif edilən şəxslərin adları da mediada yayılıb. Ancaq ümumilikdə ABŞ-nin qanunverici orqanında belə bir layihə varsa belə, onun qəbul ediləcəyi şübhəli görünür.

Birincisi, ona görə ki, sanksiyalar paketi Nümayəndələr Palatası və Senatın təsdiqləməsindən keçməlidir.

İkimərhələli bu prosesdə Konqres üzvləri sırasında Azərbaycanla münasibətlərin təhlükəsizlik və enerji sahəsindəki əməkdaşlıqları ciddi nəzərə alanlar üstünlük qazana bilərlər.

İkincisi, fərz edək ki, sanksiyalar paketi Konqresin “qəbul”undan keçdi, bundan sonra isə o, təsdiqlənməsi üçün prezidentin masasının üzərinə getməlidir.

Vəziyyətin ümumiyyətlə bu həddə qədər irəliləyəcəyinin özü real görünmür, lakin Ağ Ev başçısı masasına qoyulan həmin cür sənədi də imzalamaz.

Çünki ABŞ-nin sanksiyalar mənzərəsindəki əhatə dairəsinin Azərbaycan hesabına genişlənməsi Vaşinqton üçün ağlabatan versiya təqdim etmir.

Ona görə ki, sanksiyalar Azərbaycanla ABŞ-nin münasibətlərindəki mövcud və perspektiv təhlükəsizlik sferalarına mənfi təsir edə bilər.

Nəzərə alaq ki, Bakı ilə Vaşinqtonun Cənubi Qafqaz regionunda üst-üstə düşməyən mövqeləri olsa da, onlar NATO çərçivəsində potensial çağırışları yaxşı uyğunlaşdırırlar.

Müştərək maraqlara xidmət edən çağırışlar:

- Azərbaycanın Avropanın enerji bazarlarında oynadığı rolun qiymətində,

- Azərbaycanın yaşıl enerji üzrə beynəlxalq tendensiyalara qoşulmasının işığında,

- Azərbaycanda keçiriləcək COP29 mötəbər tədbirinin fonunda əlaqələri daha da yaxınlaşdırır.

Sanksiya tətbiq edilməsi nəzərdə tutulan şəxslərin siyahısına baxdıqda isə bunun ABŞ üçün ümumiyyətlə sərfəli variant olmadığı görünür.

Çünki tərtib edilən (hələlik iddia səviyyəsindədir) siyahıda Azərbaycan Ordusunda NATO sistemli qoşunlara komandanlıq edən şəxslərin də adları var.

Təbii ki, ABŞ Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına keçidi fonunda peşəkar hərbçilərin “qara siyahı”ya salınmasını alqışlayan deyil. Siyahıda hərbçilərin adlarının olması, sadəcə olaraq, “erməni lobbisinin yanğısı”nı əks etdirir.

Nəticə kimi deyə bilərik ki, ABŞ Azərbaycanla əlaqələrdə “uçurum” yarada biləcək xətdən geri çəkilməyə hazır olduğunu göstərə bilər. Bu mənada sanksiyaların qəbulu real görünmür.

Aqşin Kərimov

0.39213085174561