Bacısı oğlunu öldürməkdə təqsirləndirilən kişi: "Ağacın altına qoydum ki, özünə gəlsin"

Ağcabədidə azyaşlının ölümü ilə bağlı bir sıra detallar üzə çıxıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, ölən azyaşlının ana tərəfi Beyləqan, ata tərəfi isə Füzuli rayonundandır. Onlar Ağcabədinin Pərioğullar kəndinə fermada işləmək üçün gəliblər.

Məlumata əsasən, yeddi yaşlı oğlan epilepsiyalı olub. Naməlum səbəbdən dayı bacısı oğluna əsəbiləşib və əlindəki ağacla başına zərbə endirib. Zərbənin təsirindən uşaq özündən gedib. Dayısı deyib ki, uşaq huşunu itirdiyi üçün onu yaxınlıqdakı ağacın altına aparıb. Düşünüb ki, sərinliyə aparsa, uşaq özünə gələcək.

O, əvvəlcə hadisədə bacısını da ittiham edib. Bildirib ki, bacısı da epilepsiyalı uşağının başına dəfələrlə vurub. Ancaq sonda dayı əməlini etiraf edib və uşağı özünün vurub öldürdüyünü boynuna alıb.

Xatırladaq ki, Ağcabədi rayonunun Pərioğullar kəndində fermada çoban işləyən kişi yeddi yaşlı bacısı oğlunun başına ağacla zərbələr vurub. Nəticədə azyaşlı aldığı xəsarətlərdən ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

0.32163786888123